BAKI, 16 sentyabr. TELEQRAF

Rusiyanın Zaqrebdəki səfiri Aleksandr Nurizadə Xorvatiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, Rusiya diplomatik missiyasının "Telegram" kanalında yerləşdirilən açıqlamasında deyilir: "16 sentyabrda Rusiyanın Xorvatiyadakı səfiri Aleksandr Nurizadə ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub. Görüşdə Xorvatiya tərəfi Avropa üçün "Rusiyadan gələn təhlükəsizlik təhdidləri" ilə bağlı narahatlığını bildirib. Səfir bu ittihamları əsassız adlandırıb və Rusiya tərəfi bunu dəfələrlə vurğulayıb. O, bunları Rusiya ilə münasibətlərin daha da pisləşməsinə yönəlmiş koordinasiyalı təxribat kimi qiymətləndirib. O, Xorvatiya tərəfinin Kiyev rejiminə və münaqişənin uzanmasında maraqlı olan xarici havadarlarına xidmət etməsindən təəssüfləndiyini bildirib" .

Rusiya səfirliyinin qeyd etdiyi kimi, söhbət zamanı Xorvatiya tərəfi Leypsiqdə baş verən PUA hadisəsi də daxil olmaqla, Aİ-yə üzv ayrı-ayrı dövlətlərin hava məkanında, ərazi sularında və infrastruktur obyektlərində baş verən hadisələrdən bəhs edib.

1 sentyabrda Almaniya hökuməti Leypsiq/Halle hava limanında baş verən dron hadisəsinə görə rəsmi olaraq Rusiyanı günahlandırıb və əks tədbirlər görəcəyini açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Berlinin Leypsiq dron hadisəsini bəhanə edərək qəbul etdiyi yeni Rusiya əleyhinə qərarlar alman hakimiyyətinin alman xalqının maraqlarına zidd olan daha bir ciddi səhvidir.