BAKI, 12 yanvar. TELEQRAF

İngiltərənin "Liverpul" klubunun futbolçusu Federiko Kyeza İtaliyanın "Yuventus" komandasına qayıtmağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira məlumat yayıb.

Turin təmsilçisi italiyalı cinah oyunçunu satın almaq şərti ilə icarəyə götürmək niyyətindədir.

Tərəflərin bu həftə danışıqlara başlaması gözlənilir.

"Liverpul" Kyezanı 2024-cü ilin avqustunda "Yuventus"dan 12 milyon avro qarşılığında heyətinə qatıb. Mersisayd təmsilçisinin 28 yaşlı futbolçu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Federiko Kyeza "Yuventus"da olduğu müddətdə 131 oyunda iştirak edib, 32 qol vurub və 24 məhsuldar ötürmə edib. O, bu mövsüm "Liverpul"da 20 oyunda meydana çıxıb, iki qol və üç məhsuldar ötürmə müəllifi olub.