BAKI, 11 yanvar. TELEQRAF
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin “Liverpul” klubu ağır itki ilə üzləşib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd komandasının müdafiəçisi Konor Bredli ağır zədələnib.
O, Premyer Liqanın XXI turunda səfərdə “Arsenal”la 0:0 hesabı ilə heç-heçə etdikləri oyunun sonlarında xəsarət alıb.
22 yaşlı oyunçu yaxın günlərdə əməliyyat olunacaq və bundan sonra reabilitasiya dövrünə başlayacaq. Onun cari mövsümdə meydana çıxacağı gözlənilmir.
Konor Bredli bu mövsüm 21 oyunda iştirak edib və iki məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, “Qarabağ”la “Liverpul” yanvarın 28-də üz-üzə gələcək.