BAKI, 17 noyabr. TELEQRAF
İtaliyanın "Yuventus" klubu gənc futbolçusu Kənan Yıldızı Türkiyə milli komandasının düşərgəsindən geri çağırmaq istəyib.
Teleqraf xəbər verir ki, Turin təmsilçisi bu addımı əsas hücumçusu Duşan Vlahoviçin Serbiya yığmasının düşərgəsində zədələnməsi səbəbindən atıb.
"Yuventus" məhz bu vəziyyətə görə, noyabrın 22-də A Seriyası çərçivəsində "Fiorentina" ilə keçiriləcək vacib matç ərəfəsində türkiyəli forvardını vaxtından əvvəl kluba cəlb etmək niyyətində olub.
"Qoca sinyora" bu xahişlə rəsmi şəkildə Türkiyə Futbol Federasiyasına müraciət etsə də, Türkiyə tərəfi bu sorğunu rədd edib.
Qeyd edək ki, Türkiyə milli komandası noyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsinin sonuncu oyununda İspaniya seçməsinin qonağı olacaq. Kənan Yıldızın bu matçda iştirakı gözlənilir.