BAKI, 14 noyabr. TELEQRAF
İrlandiya yığmasının baş məşqçisi Heymir Hadlqrimsson Portuqaliya kapitanı Kriştianu Ronaldu ilə DÇ-2026-nın seçmə oyununda onun meydandan qovulmasından sonra nə barədə söhbət etdiklərini danışıb.
Teleqraf xəbər verir ki, mütəxəssis 2:0 qələbə qazandıqları görüşdə baş verən hadisədə onun günahı olmadığını bildirib.
“Dedi ki, ona həddindən artıq təzyiq etdiyimi düşünür, çünki o dominantdır, buranın əsas adamıdır. Hətta soruşdu ki, onun qırmızı almasına görə sevinib-sevinmədim. Mən də dedim ki, əlbəttə sevinmişəm, çünki Portuqaliyanın ən yaxşı futbolçusu meydanı tərk edir. Amma bunun mənə aidiyyəti yoxdur. Buna yalnız özü səbəb olub”, – deyə Hadlqrimsson qeyd edib.
Xatırladaq ki, portuqaliyalı ulduz 59-cu dəqiqədə rəqib futbolçunu dirsəyi ilə kürəyindən vurduğu üçün qırmızı vərəqə alıb. Bu, Ronaldu üçün millidəki 226-cı oyununda ilk qovulma hadisəsi olub.