BAKI, 29 sentyabr. TELEQRAF

Filip Ozobiç Azərbaycan çempionatları tarixində ən azı 10 fərqli mövsümdə qol vuran 57-ci oyunçudur.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz"un yarımmüdafiəçi buna "Kəpəz"ə üç cavabsız qolla qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI turunun matçında nail olub.

Bu, Ozobiçin Premyer Liqada qol sevinci yaşadığı 10-cu mövsümdür. O, "Qəbələ"də iki (2016/2017, 2017/2018), "Qarabağ"da beş (2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023), "Neftçi"də iki (2023/2024, 2024/2025) mövsümü qolsuz başa vurmayıb.

Azərbaycan çempionatları tarixində mütləq rekord isə 17 mövsümdə buna nail olan Kənan Kərimova məxsusdur.

Qeyd edək ki, Qərb derbisində vurulan qol Filipin Premyer Liqada 67-ci qolu olub. O, ölkə çempionatları tarixinin 23-cü bombardiridir.