BAKI, 3 sentyabr. TELEQRAF
Portuqaliya yığmasının və “Liverpul”un mərhum futbolçusu Dioqu Jotanın bürünc memorial abidəsi qoyulub.
Teleqraf xəbər verir ki, 28 yaşlı futbolçunun milli komandanın bazasında qoyulan abidəsinin açılış mərasimində ulduz futbolçu Kriştianu Ronaldu iştirak edib.
Ronaldu və Ruben Neves komanda yoldaşı, həmçinin, yaxın dostu Diqo Jotaynın vəfatından sonra millinin ilk toplanışı zamanı daha bir emosional jest göstərib. Neves yeni döymə etdirib, onun sol baldırında Jota ilə qucaqlaşdıqları an təsvir olunub.
.png)
Neves, Kriştianu Ronaldu ilə birlikdə, Lissabonda keçirilən xatirə tədbirində də iştirak edib. Orada Jotanın həyat yoldaşı Rute onun 21 nömrəli formanı bürüncdən hazırlanmış xüsusi çərçivədə təqdim edib. Tədbirdə həmçinin Jotanın valideynləri, Portuqaliya Futbol Federasiyası rəsmiləri, agent Jorje Mendeş, ölkə prezidenti və baş naziri də iştirak ediblər.
Ruben Neves çıxış edərək Jotaya ünvanladığı məktubu oxuyub. O, göz yaşları içində bunları deyib:
“Biz sadəcə dost deyildik, bir ailə idik. Bu heç vaxt dəyişməyəcək. Milli komandaya toplaşanda sən də bizimlə olacaqsan – süfrə arxasında, avtobusda, təyyarədə. Həmişə yanımızda olacaqsan, necə ki, əvvəllər idin. Biz sənin xatirəni hər zaman yaşadacağıq və yaxınlarının heç nədən korluq çəkməməsi üçün əlimizdən gələni edəcəyik. Həyat bizi birləşdirdi və heç nə bu bağları qıra bilməz”.
Neves əlavə edib ki, bundan sonra Jotanın 21 nömrəli formasını özü geyinəcək. Portuqaliya millisinin baş məşqçisi Roberto Martines bu qərarı təsdiqləyərək deyib: “21 nömrəli forma Ruben Nevesdə olacaq. O, Jotaya çox yaxın idi və bu nömrəni ən yaxşı təmsil edə biləcək şəxs məhz odur”.
Millinin baş məşqçisi 23 nəfərlik heyəti açıqlasa da, bir yeri boş saxlayaraq onu Jotaya həsr edib.
Qeyd edək ki, Dieqo Jota və qardaşı iyulun 3-də İspaniyanın Zamora əyalətində baş verən qəzada həyatını itirib. Jotanın son oyunu 8 iyunda keçirilmişdi. O, Millətlər Liqasının finalında İspaniyaya qarşı oynayıb və komandası kuboku qazanmışdı. Portuqaliya millisi faciədən sonra ilk oyunlarını bu həftə keçirəcək. Komanda dünya çempionatının seçmə mərhələsində Ermənistan və Macarıstanla üz-üzə gələcək. Jota yığmanın heyətində 49 oyun keçirib və 14 qol vurub.
