BAKI, 27 may. TELEQRAF

Azərbaycan Kubokunun finalında keçiriləcək "Qarabağ" - "Sabah" oyununu hər iki komandadan bir futbolçu buraxacaq.

Bu barədə Teleqraf-a klubların mətbuat xidmətindən məlumat verilib.

Ağdam təmsilçisinin yarımmüdafiəçisi Aleksey İsayev, Masazır komandasının isə müdafiəçisi Amin Seydiyev həlledici matçda iştirak etməyəcək.

Hər iki oyunçu zədə səbəbindən Azərbaycan milli komandasının iyunun 7-də səfərdə Latviya və iyunun 10-da evdə Macarıstanla keçiriləcək yoldaşlıq oyunlarına da çağırılmayıb.

Qeyd edək ki, "Qarabağ" - "Sabah" finalı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq.