BAKI, 25 may. TELEQRAF

“Neftçi” Azərbaycan Premyer Liqasının XXXVI turunda səfərdə “Sabah”a 0:1 hesabı ilə məğlub olub. Bununla da baş məşqçi Samir Abasovun komandası mövsümü 43 xalla 6-cı pillədə başa vurub.

Matçdan sonra “ağ-qaralar”ın futbolçusu, “bayquşlar”ın isə sabiq kapitanı Elvin Camalov Teleqraf-a müsahibə verib.

- Vacib 3 xal itirdiyiniz oyunu necə dəyərləndirərdiniz?

- ⁠Meydana qələbə üçün çıxmışdıq. Qapımızda lüzumsuz qol gördük. Rəqib azlıqda qaldıqda qol vəziyyətləri yaratmağa çalışdıq. Epizodlarımız olsa da, istifadə edə bilmədik. İstəyirdik ki, çempionatı 5-ci pillədə bitirək. 3 xal bizi bir pillə yuxarı qaldıracaqdı. Təəssüf ki, buna nail ola bilmədik.

- Cari mövsümdə “Neftçi” “Sabah”ı məğlub edə bilməyib. Mövsümü 5-ci pillədə bitirmək istəyi də psixoloji gərginlik yaratmırdı?

- ⁠”Sabah” və “Neftçi”nin oyunları həmişə prinsipial və gərgin keçib, hər zaman əzmkarlığı ilə seçilib. Bu matç da nəticə baxımından bizim üçün vacib idi. 3 xal qazansaydıq, bir pillə yuxarıda olacaqdıq. Meydana bu istəklə çıxmışdıq. Bütün komanda olaraq, mövsümün son matçına ciddi hazırlaşmışdıq. Sadəcə, istəyimizə nail ola bilmədik. Buna üzülürük. Ümidvaram ki, növbəti mövsümə daha yaxşı start verərik.

- Qırmızı vərəqələr oyunun məcrasını necə dəyişdi?
- ⁠Rəqib qırmızı vərəqə alarkən biz fürsətdən yararlanmalı olsaq da, əksinə, onlar qol vurdular. Sonra isə qol vəziyyətlərindən yararlana bilmədik. Təəssüf.

- ⁠Sanki azlıqda qaldıqdan sonra “Sabah” daha yaxşı oynadı…

- ⁠Bizim də elə oyunlarımız olub. Bəzən azlıqda olanda, komanda daha çox göz önündə görünür, daha çox can yandırır. Bəlkə də rəqib ona görə elə görünürdü. İlk dəqiqələrdən biz daha əzmkar başlamışdıq. Bəlkə də birinci hissədə Fillip Ozobiç qol vursaydı, daha fərqli oyun izləyə bilərdik. Həmişə belə oyunlar gərgin keçir. Gərək ilk qolu tez vurasan ki, sonra qapında qollar görməyəsən.

- ⁠Qış fasiləsində “Sabah”ı “Neftçi”yə dəyişdiniz. “Sabah” Azərbaycan Kubokunun finalında qalib gələrək avrokuboklara yollansa, orada qalmadığınızdan cüzi də olsa, peşmançılıq hissi keçirəcəksiniz?

- ⁠Peşmanlıq yoxdur. “Sabah”a uğurlar arzu edirəm. Hazırda fikrim “Neftçi” ilə bağlıdır. Həqiqətən səmimi deyirəm, “Neftçi” ilə uğurlar qazanmaq istəyirəm. Klubun tarixi hamıya məlumdur. Mən də istəyirəm ki, bu komandada yaxşı nəticələr qazanım, uğurlarda pay sahibi olum.

- ⁠Mövsümün yarısını “Sabah”da, yarısını “Neftçi”də keçirdiniz. Hər iki klubdakı performansınızı necə dəyərləndirirsiniz?

- Vasili Berezutski baş məşqçi təyin olunduqdan sonra ⁠”Sabah”da çox da şans qazana bilmədim. Amma “Neftçi”yə keçəndən Samir Abasov mənə inanır. Komandaya yeni qoşulanda performansım daha yaxşı idi. Sonra bir qədər eniş yaşadım. Qarşıdan gələn yay təlim-məşq toplanışında bunu aradan qaldıracağam.

- Yeri gəlmişkən, “Sabah”ın və sizin sabiq baş məşqçiniz Murad Musayev “Krosnadar”ı Rusiya çempionu etdi. Təbrik edəcəksinizmi?

- ⁠Bu xəbəri oyunumuzdan sonra öyrəndim. Onun adına sevindim. Murad Musayevin baş məşqçiliyi altında “Sabah”ın kapitanı olmuşam. Təbrik yazacağam. Buradan da onu təbrik edirəm.

- ⁠Azərbaycan millisinin təlim-məşq toplanışına çağırılmadınız. Dəvət olunmamağınız sizin üçün gözlənilməz oldumu?

- ⁠Təbii ki, dəvəti hər zaman gözləyirəm. Milli komandaya kömək etməyə daim hazırıq. Bu, hər bir futbolçunun borcudur, bunun üçün çalışır. Bu dəfə baş məşqçi Fernandu Santuş belə qərar verib, qərarına hörmətlə yanaşıram. İnanıram ki, gələn toplanışlara dəvət olunaram. Bunun üçün əlimdən gələn hər şeyi edəcəyəm.