BAKI, 25 may. TELEQRAF
“Neftçi” Azərbaycan Premyer Liqasının XXXVI turunda səfərdə “Sabah”a 0:1 hesabı ilə məğlub olub. Bununla da baş məşqçi Samir Abasovun komandası mövsümü 43 xalla 6-cı pillədə başa vurub.
Matçdan sonra “ağ-qaralar”ın futbolçusu, “bayquşlar”ın isə sabiq kapitanı Elvin Camalov Teleqraf-a müsahibə verib.
- Vacib 3 xal itirdiniz. Bu oyunu dəyərləndirərdiniz?
- Meydana qələbə üçün çıxmışdıq. Qapımızda lazımsız qol gördük. Əvvəlcə rəqib bir nəfər azlıqda qaldı, çalışdıq ki, qol vəziyyətləri yaradaq. Epizodlarımız oldu, sadəcə, istifadə edə bilmədik. İstəyirdik ki, çempionatı 5-ci pillədə bitirək. 3 xal bizi bir pillə yuxarı qaldıracaqdı. Təəssüf ki, buna nail ola bilmədik.
- Cari mövsüm “Neftçi” “Sabah”ı məğlub edə bilməyib. Mövsümü 5-ci pillədə bitirmək istəyi də psixoloji gərginlik yaratmışdı?
- ”Sabah” və “Neftçi”nin oyunları həmişə prisipial və gərgin keçib. Hər zaman əzmkar qarşılaşmalar olub. Bu matç da nəticə baxımından bizim üçün vacib idi. 3 xal qazansaydıq, bir pillə qalxa biləcəkdik. Meydana bu istəklə çatmışdıq. Bütün komanda olaraq, mövsümün son matçına ciddi hazırlaşmışdıq. Sadəcə, istəyimizə nail ola bilmədik. Buna üzülürük. Ümidvaram ki, növbəti mövsümə daha yaxşı start verərik.
- Qırmızı vərəqələr oyunun məcrasını necə dəyişdi?
- Rəqib qırmızı vərəqə alarkən biz fürsətdən yararlanmalı olsaq da, əksinə, onlar qol vurdular. Sonra isə qol vəziyyətlərindən yararlana bilmədik. Təəssüf.
- Sanki azlıqda qaldıqdan sonra “Sabah” daha yaxşı oynadı…
- Bizim də elə oyunlarımız olub. Bəzən azlıqda olanda, komanda daha çox göz önündə görünür, daha çox can yandırır. Bəlkə də rəqib ona görə elə görünürdü. İlk dəqiqələrdən biz daha əzmkar başladıq. Bəlkə də birinci hissədə Fillip Ozobiç qol vursaydı, daha fərqli oyun izləyə bilərdik. Həmişə belə oyunlar gərgin keçir. Gərək ilk qolu tez vurasan ki, sonra qapında qollar görməyəsən.
- Qış fasiləsində “Sabah”ı “Neftçi”yə dəyişdiniz. “Sabah” Azərbaycan Kubokunun finalında qalib gələrək avrokuboklara yollansa, orada qalmadığınız üçün cüzi də olsa, peşmanlıq olacaqmı?
- Peşmanlıq yoxdur. “Sabah”a uğurlar arzu edirəm. Hazırda fikrim “Neftçi” ilə bağlıdır. Həqiqətən səmimi deyirəm: “Neftçi” ilə uğurlar qazanmaq istəyirəm. Bu komandanın tarixi hamıya məlumdur. Mən də istəyirəm ki, yaxşı nəticələr qazanıb, uğurlarda pay sahibi olum.
- Mövsümün yarısını “Sabah”da, yarısını “Neftçi”də keçirdiniz. Hər iki klubdakı performansınızı necə dəyərləndirirsiniz?
- Vasili Berezutski baş məşqçi təyin olunduqdan sonra ”Sabah”da çox şans qazana bilmədim. Amma “Neftçi”yə keçəndən Samir Abasov mənə inanır. Komandaya yeni qoşulanda performansım daha yaxşı idi. Sonra bir qədər eniş yaşadım. Qarşıdan gələn yay təlim-məşq toplanışında bunu aradan qaldıracağam.
- Yeri gəlmişkən, “Sabah”ın və sizin sabiq baş məşqçiniz Murad Musayev “Krosnadar”ı Rusiya çempionu etdi. Təbrik edəcəksinizmi?
- Bu xəbəri oyunumuzdan sonra öyrəndim. Onun adına sevindim. Murad müəllimin baş məşqçiliyi altında “Sabah”ın kapitanı olmuşam. Təbrik yazacağam. Buradan da onu təbrik edirəm.
- Azərbaycan millisinin təlim-məşq toplanışına çağrılmadınız. Dəvət olunmamağınız sizin üçün gözlənilməz oldumu?
- Təbii ki, dəvət hər zaman gözləyirəm. Hər futbolçunun borcudur, bunun üçün çalışır. Milli komandaya kömək etməyə daim hazırıq. Bu dəfə baş məşqçi belə qərar verib, qərarına hörmətlə yanaşıram. İnanıram, gələn toplanışlarda dəvət olunaram. Bunun üçün əlimdən gələn hər şeyi edəcəyəm.