BAKI, 17 may. TELEQRAF

“Bu gün narahatlıq yaradacaq elə bir ciddi epizodlar olmadı, oyun daha çox mərkəzdə gedirdi. Sakit oyun oldu. Bir-iki epizod vardı, ayaq tapdama-filan oldu. Fikrimcə, bu gün VAR olsaydı belə, ona ehtiyac olmayacaqdı”.

Teleqraf xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis komandasının cari mövsüm sərgilədiyi oyundan razı qaldığını və nəticələrin qənaətbəxş olduğunu qeyd edib: “Çempionat bitir. Demək olar, son iki oyun bizim üçün də çətin keçir. Heyət baxımdan çox əziyyət çəkirik. Əsas odur, bu oyun yox, ümumi il bizim üçün uğurlu oldu. İstədiyimiz o idi ki, bu il Premyer Liqada qalaq. Sevindirici haldır ki, 35 turda komanda aşağı pillədə olmadı, o təzyiqi hiss etmədik. Düzü, xal fərqi azalırdı, amma bizdən qat-qat təcrübəli və maddi gücü üstün komandalarla başabaş mübarizə apardıq. Məncə, mövsümü uğurlu saymaq olar. Rəqibi və həmkarım Elmar Baxşıyevi Konfrans Liqasına vəsiqə qazanması münasibətilə təbrik edirəm. Onlar üçün yaxşı mövsüm keçdi, Baxşıyev isə komandada yaxşı iş gördü".

Abbasovun fikrincə, oyunun ədalətli nəticəsi heç-heçə idi: "Gələcəyə baxmaq lazımdır. “Şamaxı” olaraq gələn mövsüm bizim üçün bundan da ağır keçəcək. Son oyunlarda görürsünüz ki, gənclər, az oynayan futbolçular daha çox meydanda olur. Amma bu gün də başabaş oyun getdi. Deyərdim ki, oyunun ədalətli nəticəsi heç-heçə idi. Bir səhv bizə baha başa gəldi. Son oyunumuz qalıb. Açığı, çempionatın bitməsini səbirsizliklə gözləyirəm. Bu oyunu da keçirib, gələn mövsüm və gələcək barədə fikirləşəcəyik”.

Baş məşqçi yayda komandaya yeni transferlər etmək planından da danışıb: “Keçən yay gələndə sıfırdan komanda yığdıq. Düzdür, I Liqadan 10-dək futbolçu gəlmişdi. Bu gün həmin futbolçulardan Arsen Ağcabəyov, Edqar Ədilxanov meydanda idi. İndi bir az üstünlüyümüz odur ki, bəzi legionerlərin bizimlə müqaviləsi davam edir, o qədər əziyyət çəkməyəcəyik. Yeni transferlər olacaq. Bəlkə də bir aydan çoxdur, iş gedir. Bilirsiniz ki, büdcə baxımından tam qərar olmadığı üçün bir qədər sakitlikdir. Amma seleksiyamız davam edəcək. İnanıram ki, “Şamaxı”da qalsam, növbəti mövsüm yaxşı komanda quracağıq.
Mən gerçək və dürüst danışıram. İlk növbədə, büdcəyə baxmaq lazımdır. Bu büdcə ilə desəm ki, hədəfimiz yuxarı yerlərdir, yalan danışaram. Amma keçən ilə baxdıqda təcrübəliyik. Elə komanda qurmaq istəyirik ki, yuxarı mövqelərə qalxmağa cəhd edək. Bu nə qədər alına biləcək, bu da büdcə və ayrılan vəsaitdən asılıdır. Bu problemlər yəqin ki, yaxın günlərdə həll olunacaq”.

Abbasov yayda Şamaxı təmsilçisindən ayrılacağı idialarına belə münasibət bildirib: “Sabah”la danışığımız olmayıb. Bu barədə indi eşidirəm. Qalsam, bəzi çətinliklər var. İstədiyimiz olmasa, riskə getmərəm. Çünki keçən mövsüm də risk etmişdim. Ona görə, bəzi məsələləri həll etməliyik. Yəni hər şey ola bilər”.

Təcrübəli mütəxəssis ən az büdcəli klub “Şamaxı”nın olmasına və növbəti mövsümkü hədəflərə bunun nə dərəcədə təsir edəcəyi sualına belə reaksiya verib: “Mən də açıqlanan büdcələrə baxdım. Yuxarı-aşağı getsək, o büdcələr mənə görə, tam da deyil. Bir az da çoxdur. (gelür - red.). Bəzi komadaları bilirik. Demək ki, hər şey büdcə deyil, onunla bağlamaq olmaz. Gələn mövsüm çox çətin olacaq. “Qəbələ”ni bilirik, təcrübəsi var, Avropa Liqasının qrupunda oynamış komandadır. Klub rəhbərliyini, baş məşqçini tanıyırıq. Onlar daha iddialı olacaq. “İmişli” və “Karvan”dan çox şey aslıdır. Çempionat 3 dövrəli olacaq. Buna hazır olmaq lazımdır. Ona görə də bir çox problemimizi həll etməliyik. Rəhbərlik dayanmır, çalışır. Bu rəhbərliklə çalışmaq mənim üçün xoş və rahatdır. Çünki tam peşəkar iş gedir. İnkişaf etmək istəyirik. Sadəcə, dəstək lazımdır".

Baş məşqçinin fikrincə, "Şamaxı" kimi komandalar çempionata lazımdır: "Biz hər şeyi turnir cədvəli ilə bağlamayaq. Bir futbolçunu yetişdirmək deyirik. Rüfət Abbasov və Edqar Adilxanov var. Bəlkə elə akademiyalar mövcuddur, 10 milyon pul xərcləyir ki, iki futbolçu yetişdirsin. Bu gün milli komandanın baş məşqçisi Fernandu Santuşla söhbət edib sevinirəm. Bu futbolçular milliyə namizəd görünürlər. Ötən mövsüm əvəzedici heyətdə oynayıblar. Bir az pozitiv baxmalıyıq ki, bizdə futbolçu var, inanaq. Həm də maliyyə lazımdır. İnanın ki, 15 gənc olsaydı, hamısını da oynadardım, bu komandaya istirahət verərdim. Bu gün Cəfər Muxtarov debüt etdi. Ötən mövsüm “Səbail”in əvəzedicilərində idi. Oynamayan futbolçu idi. Gənclər də yoxdur, bunun üçün bir neçə komandaya müraciət etmişik. İşləmək istəyirik, çəkinmirik. Amma büdcə ilə bağlı problemlər var. Dəstək yoxdur, inanıram ki, gələcəkdə nə isə yenilik olar”.

Abbasov braziliyalı hücumçu Maykl Tuikin oyundan əvvəl məşqdə zədələnməsindən söz açıb: “Belajdi Pusi getdikdən sonra bur hücumçu ilə qalmışdıq. Dünən məşqdə ağrıları oldu. Bu gün yoxlamaq istədik. İsinmədə gördük ağrıları var, risk etmədik. Hətta Andrey Tirkoveanunun da zədələri oldu, ikinci hissədə əvəzlədik”.