Sumqayıt. 17 may. TELEQRAF

“Turan Tovuz” komandası Azərbaycan Premyer Liqasında 4-cü pilləni təmin edib.

Teleqraf xəbər verir ki, bu, XXXV turun “Sumqayıt”la oyunundan sonra dəqiqləşib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüşdə Tovuz təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 30-cu dəqiqədə Emmanuel Hakman vurub.

Xallarını 52-yə çatdıran Kurban Berdıyevin komandasının 3-cü pillədə qərarlaşan “Araz-Naxçıvan”a çatmayacaqı rəsmiləşib.

"Sabah" komandası isə səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib. Zirə İdman Kompleksində təşkil olunan matçda ilk qolu 26-cı dəqiqədə meydan sahibinin futbolçusu Giorgi Papunaşvili vurub. “Bayquşlar”ın üzvü Pavol Şafranko 67-ci dəqiqədə hesabı bərabərləşdirib. Bu, slovakiyalı hücumçunun Premyer Liqada 9-cu qolu olub.

Bununla da 45 xalla 5-ci yerdə gedən "Sabah"ın 4-cü yer şansları tükənib və bu komanda bütün ümidlərini Azərbaycan Kubokunun finalına bağlayıb. Həlledici qarşılaşmada yalnız "Qarabağ"a qalib gələcəyi təqdirdə, Vasili Berezutskinin komandası avrokuboklara, daha dəqiqi Avropa Liqasına yollana biləcək. Hazırda "Sabah" 5-ci pillədədir.