BAKI, 30 aprel. TELEQRAF
12 yaşlı azərbaycanlı futbolçu Məsud Poladov İspaniya La Liqasında mübarizə aparan “Rayo Valyekano” klubundan dəvət alıb.
Bu barədə Teleqraf-a futbolçunun atası Zaur Poladov məlumat verib.
O, hazırda “Təhsil-8” komandasında çıxış edən oğlunun İspaniya klubunun düşərgəsinə çağrıldığını bildirib: “Övladıma "Rayo Valyekano"dan dəvət gəlib. Huesca şəhərinin eyniadlı klubundan təklif gəlib. 24 aprel - 24 iyunda uşaq yoxlama məqsədilə klubun düşərgəsində olmalıdır. Bu zaman müddətində isə ispaniyalı məşqçi Ganiyu Omocbolahan Louelin evində qala bilər”.

Z.Poladov oğlunun karyerasından və uğurlarından da söz açıb: “Övladım hazırda Pişəvəri adına Gimnaziyada təhsil alır. Futbolla 6 yaşında məşğul olmağa başlayıb. 2019 - 2021-ci illərdə "Keşlə"də (indiki "Şamaxı") oynayıb. 2021-2022-ci il mövsümdə "Neftçi" Peşəkar Futbol Klubuna qoşulub. 2022/2023 mövsümündə "La Masiya Bakı" və "Zəngəzur" klublarında çıxış edib. 2023/2024 mövsümündə yenidən "Neftçi"yə qayıdıb və sonra "Təhsil-8" klubuna icarəyə verilib. Övladım karyerası ərzində çoxsaylı yerli və beynəlxalq turnirlərdə iştirak edib. 2022-ci ildə komandası Türkiyənin Sakarya şəhərində keçirilən "Həndək Kuboku"nda üçüncü yeri qazanıb. Bundan sonra Kartepe şəhərində keçirilən turnirdə çempion olublar. Məsud həmin il İzmir şəhərində keçirilən nüfuzlu Atatürk Turnirində iştirak edib və "Altınordu" Akademiyasından rəsmi dəvət alıb.
2022-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən beynəlxalq turnirdə də iştirak edib və ikinci yeri tutublar. Həmin dövrdə Almaniyanın "Viktoria Köln" klubundan dəvət alıb və baxışlarda iştirak edib.
2023-cü ildə İtaliyanın Forte dei Marmi şəhərində təşkil olunan “Universal Youth Cup” turnirində çıxış edib. 2024-cü ildə Qətərdə keçirilən Aspire Academy turnirində və Moskvada keçirilən beynəlxalq turnirdə iştirak edib".
Qeyd edək ki, Məsud Poladov hücumçu mövqeyində çıxış edir.
