BAKI, 24 dekabr. TELEQRAF
İtaliya Rəqabət və Bazar Orqanının (AGCM) açıqlamasına görə, "Ryanair" onlayn səyahət agentliklərinin bilet satışını məhdudlaşdırmaq məqsədilə “aqressiv və sui-istifadə xarakterli strategiya” həyata keçirib. Bildirilib ki, aviaşirkət texniki maneələr yaradaraq agentlikləri və sərnişinləri biletləri yalnız "Ryanair"in rəsmi saytı üzərindən almağa məcbur edib.
Teleqraf xəbər verir ki, araşdırmaya əsasən, bu praktika 2023-cü ilin aprelindən ən azı 2025-ci ilin aprelinə qədər davam edib. Qurum qeyd edib ki, "Ryanair" onlayn agentliklərin öz uçuşlarını digər aviaşirkətlərin reysləri və əlavə turizm xidmətləri ilə birlikdə satmasına imkan verməyib və bununla da rəqabəti zəiflədib.
Cərimə qərarına dərhal reaksiya verən "Ryanair" bildirib ki, qərar “hüquqi baxımdan qüsurludur” və aviaşirkət onu məhkəmədə mübahisələndirəcək.
Şirkətin baş icraçı direktoru Maykl Oliri uzun müddətdir onlayn səyahət agentliklərinə qarşı mübarizə apardığını gizlətməyib. O, Booking.com, "Kiwi" və "Kayak" kimi platformaları bilet alıcılarını aldadaraq əlavə rüsumlar tətbiq etməkdə ittiham edib. Oliri hətta agentliklərin satışını məhdudlaşdırmaq naminə bilet satışlarının azalmasını belə qəbul etməyə hazır olduğunu açıqlayıb.
Qeyd olunur ki, 2023-cü ilin sonunda "Ryanair" reyslərinin agentliklərin saytlarından qəfil çıxarılması şirkətin satışlarında azalmaya səbəb olub və bu, mənfəətə də təsir edib. Buna baxmayaraq, "Ryanair"in bazar dəyəri 31 milyard avroya çataraq onu ABŞ-nin "Delta Air Lines" şirkətindən sonra dünyanın ikinci ən dəyərli aviaşirkətinə çevirib.
Rəqabət orqanının hesabatında vurğulanıb ki, "Ryanair"in tədbirləri sırasında üçüncü tərəf üzərindən bilet alan sərnişinlər üçün üz tanıma prosedurlarının tətbiqi, ödəniş üsullarının bloklanması, agentlik hesablarının kütləvi şəkildə silinməsi və tərəfdaşlıq müqavilələri ilə məhdudiyyətlərin qoyulması yer alıb.
AGCM bildirib ki, bu addımlar bilet alışını texniki və iqtisadi baxımdan çətinləşdirib və xüsusilə digər aviaşirkətlərin reysləri və sığorta-turizm xidmətləri ilə birgə satış imkanlarını əngəlləyib.
"Ryanair" isə öz mövqeyini müdafiə edərək bəyan edib ki, birbaşa satış modeli sərnişinlər üçün xərcləri təxminən 20 faiz azaldıb və bu, Avropada ən ucuz aviabiletlərin təklif olunmasına imkan verib.