BAKI, 24 dekabr. TELEQRAF

Liviya hərbi nümayəndə heyətini daşıyan təyyarənin Ankarada qəzaya uğraması ilə əlaqədar ölkədə üç günlük milli matəm elan edilib.

Teleqraf xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.

Liviya hakimiyyət orqanları qəza nəticəsində həlak olanların xatirəsinə ölkə ərazisində üç günlük milli matəm elan edildiyini açıqlayıb.

Ankara Esenboğa hava limanından Liviyanın paytaxtı Trablusa uçmaq üçün havaya qalxan, göyərtəsində Liviya Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli əl-Həddadın da olduğu xüsusi reaktiv təyyarə Ankaranın Haymana rayonunun Kesikkavak kəndi ərazisində naməlum səbəbdən dağlıq sahəyə düşüb.

Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən işlər davam etdirilir.