BAKI, 27 aprel. TELEQRAF

"Qarabağ" komandası ardıcıl 4-cü, tarixində 12-ci dəfə Azərbaycan çempionu adını qazanıb.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi buna Premyer Liqada XXXII turun "Sabah" komandası ilə səfər oyununda 1:1 hesablı heç-heçə sayəsində nail olub.

Görüşdə hesabı 42-ci dəqiqədə Redon Cica dəqiq penalti zərbəsi ilə açıb. Meydan sahiblərinin bərabərlik qolunu 73-cü dəqiqədə Boyan Letiç vurub.

Bununla da xalını 77-yə çatdıran lider "Qarabağ" sona 4 tur qalmış 64 xalla 2-ci pillədə gedən "Zirə" üçün əlçatmaz olub. "Sabah" isə 40 xalla 5-ci pillədə qərarlaşıb.

"Qarabağ"ın ötən mövsümdəki kimi yenə, "qızıl dubl" etmək imkanı var. Bundan ötrü mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək final oyununda "Sabah" üzərində qələbə qazanmaq lazımdır.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Turan Tovuz" evdə "Şamaxı" ilə, "Səbail" "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib. "Zirə" isə səfərdə "Kəpəz"ə qalib gəlib. Tura aprelin 28-də "Sumqayıt" - "Neftçi" oyunu ilə yekun vurulacaq.