BAKI, 24 dekabr. TELEQRAF

ABŞ Sahil Mühafizəsinin əlavə qüvvələr gəldikdən sonra Venesuelaya doğru hərəkət edən “Bella 1” neft tankerini ələ keçirmə cəhdi göstərə biləcəyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Panama bayrağı altında üzən və Venesuela ilə əlaqəli olduğu bildirilən “Bella 1” tankerinin heyəti ABŞ hərbçilərinin gəmiyə minməsinə icazə vermir. Agentliyin yazdığına görə, ABŞ Sahil Mühafizəsi 21 dekabrdan bəri təqib etdiyi tankerə mümkün desant və ələ keçirmə əməliyyatından əvvəl əlavə qüvvələrin gəlməsini gözləyir.

Agentlik qeyd edir ki, tankerin və onu təqib edən ABŞ qüvvələrinin hazırda dəqiq harada yerləşdiyi açıqlanmır.

"Reurets"in məlumatına əsasən, tankerin ələ keçirilməsi əmri ABŞ Sahil Mühafizəsinin bu cür əməliyyatlar üçün texniki imkanlara malik olan iki xüsusi qrupundan birinə verilə bilər. ABŞ hərbçilərinin helikopterlər vasitəsilə gəmiyə enməyə cəhd göstərə biləcəyi də istisna olunmur. Bununla yanaşı, ABŞ-nin sonda bu planlardan imtina edə biləcəyi də ehtimal olunur.