BAKI, 27 aprel. TELEQRAF

"Kubok oyunundan sonra 3 gün vaxtımız var idi".

Teleqraf xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis səhvləri analiz edərək növbəti oyunlara hazırlaşacaqlarını bildirib: "Kubok oyunundan sonra 3 gün vaxtımız var idi. Komanda olaraq son oyunlarımızı 3-4 gündən bir oynadığımız üçün dinamika baxımından aşağı səviyyədə çıxış etdilər. Çempionatın sonudur. Ümid edirəm ki, növbəti günlərdə yaxşı dincəlib, səhvlərimizi analiz edib və qarşıdakı oyunlara hazırlaşacağıq".

O, komandasının qol vurduqdan sonra müdafiə olunmasını tələb etmədiyini söyləyib: "Belə tapşırığım olmur. Futbolçuları da başa düşürük, onlar ağır tsiklda oynayırdılar. Heyətimiz də geniş deyil, çox da rotasiyaya gedə bilmirdik. Ümumi götürdükdə futbolçularımın göstərdiyi oyunu da kiçiltmək fikrində deyilik. Onlara inanırıq. Qarşıdakı oyunlarda daha dinamik və sanballı "Araz-Naxçıvan" görəcəyimə inanıram".

Baxşıyev 3-cü pilləni qorumaq üçün komanda olaraq daha artığını etməli olduqlarını vurğulayıb: "Komanda sezon ərzində əziyyət çəkib. Bura kiminsə gücünə gəlməmişik. Futbolçuların gücü, iradəsi sayəsində bu yerlərdəyik. Yenə də komanda şəklində daha artığını etməliyik ki, istədiyimiz hədəfə çataq".

Baş məşqçi "Turan Tovuz"un xal itkisinindən motivasiya almadıqlarını deyib: "Komandamızı daha çox rəqiblərdən yox, özümüzdən asılı etməyə çalışırıq".

O, son 12 oyunda 1 qələbə qazanmaqlarını belə şərh edib : "Bu qələbələr bizi xilas edir deyəndə, onları da kimsə bizim yerimizə qazanmayıb, özümüz qazanmışıq. Futbolda belə hallar qaçılmazdır. İndi də 6 zədəli futbolçumuz var. Hamısı da əsas heyət üzvüdür. Futbolda sıxıntılar yaşaya-yaşaya nəticədən uzaq durursan. Amma komanda çalışır. Hər şey özümüzdən asılıdır".

Elmar Baxşıyevin komandasının az qol vurmasının səbəbini açıqlayıb: "Oyunlar olub ki, bəlkə də 6-7 qol vura bilərdik. Sadəcə dəyərləndirmədə bir az axsama var. Komandanın sırf az qol vurduğu da sadəcə statistikadır. Biz daim hücumdayıq, hücumda olmağa çalışırıq".

O, açıqlamalarında hakimlərə söz atması barədə bunu deyib: "Heç kimə söz atmıram. Sadəcə bəzən reallığı çox adam görmək istəmir. Əgər keçən oyuna qayıtsaq, etirazımı normal qarşılamaq lazımdır. Oyunun içində olan adamam, gördüyümü sizinlə bölüşməliyəm. Fikrimcə, kubok görüşündə bizə qarşı hakim haqsızlıqları var idi. Ona kimsə göz də yuma bilər, fərqli düşünə də bilər. Biz gördüyümüz şeylər başqadır, amma qərar verən biz deyilik. Ümid edirəm ki, bizi hansısa yolla saxlamağa çalışmazlar".