BAKI, 19 mart. TELEQRAF

Azərbaycan Premyer Liqasında çıxış edən 10 komanda arasında avrokuboklara namizədlərdən biri “Turan Tovuz”dur. 42 xalı olan Tovuz təmsilçisi mövsümün əvvəlindən avrokubok iddiasını ortaya qoymuş, bu yöndə lazımı dəyişikliklərə başladığını elan etmişdi.

Həmçininin Premyer Liqada XXVII turun “Kəpəz”-“Qarabağ” matçından öncə "Turan Tovuz" Futbol Akademiyası nəzdində əsas komandanın qalması üçün inşa olunmuş binanın açılış mərasimi nəzərdə tutulmuşdu.

Sözügedən məsələlərlə bağlı klubun idarə heyətinin sədr müavini, həmçinin infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev Teleqraf-ın suallarını cavablandırıb. O, hər iki tədbirin təxirə salındığını bildirib:

- Yeni binanın açılışının təxirə salınması ictimaiyyət tərəfindən gözlənilməz qarşılandı. Səbəb nə idi?

- Təmir və bina daxilində bəzi avadanlıqların gətirilib quraşdırılması sarıdan gecikmələr oldu. Bu çatışmazlıqlara görə binanı açılışa tam hazır edə bilmədik. Açılışı martın 28-nə planlaşdırırq. Tədbirdə rayon ictimaiyyəti, AFFA və Peşəkar Futbol Liqası rəsmilərinin iştirakı gözlənilir.

- Binanın tikintisi üçün lazımi məbləği tamamilə sponsor qarşıladı?

- Bina klubun öz vəsaiti hesabına tikilib. Bir qəpik də olsun AFFA-dan gələn vəsaitdən istifadə etməmişik. AFFA-dan ayrılan vəsait, ümumiyyətlə, komandanın özünə çatmır. Həmin məbləği bu ilin yanvarına keçirə bilmədik. Yeni ilədək o vəsaiti akademiyaya xərcləmişdik. Hazırda akademiyada gördüyümüz işlər göz qabağındadır. Artıq hər şeyi sponsor hesabına edirik.

- Stadionun süni örtüyünün təbii örtüyə çevrilməsi üçün bir neçə ay öncə AFFA-ya etdiyiniz müraciət geri çevrildi. Bu yöndə işlər olduğu kimi də qalıb?

- Əslində, təbii ot örtüyü üçün tələsmirik. Bu, gözləmədə olan məsələdir. Yeni binanın açılışından sonra stadionda UEFA-nın standartlarına uyğun olmayan çatışmazlıqlara diqqət ayıracağıq. Tribunaların təmirindən başlayaraq, 30-dan çox meyar üzrə çatışmazlıqları aradan qaldıracağıq. Üzbəüz tribunanın üstünün örtülməsindən tutmuş, bütövlükdə stadionda qapıların açılması, turniketlərin quraşdırılması - hamısına bayramdan sonra başlayacağıq.

- Qapıların arxasında tribunalar quraşdırmağı düşünürsünüzmü?

- Hazırda düşünülmür. Çünki stadion təbii ot örtüyünə keçəndən sonra qapının arxasındakı kiçik meydançanı böyütmək istəyirik. Nə isə dəyişməsə, örtük yenilənəndə ora məşq meydançası olacaq. Düzdür, standart ölçülü meydan olmayacaq, amma ölçüləri təqribən məşq üçün uyğun gələcək. Ona görə qapıların arxasına tribunalar yeləşdirmək hazırkı məqamda mümkünsüzdür. Amma üzbəüz tribunada dəyişikliklər olacaq. Üstü örtüləcək, tamamilə dəyişdiriləcək və oturacaqların sayı artırılacaq. UEFA nümayəndələrinin və medianın oturması üçün yerlər artıq başqa cür olacaq. Onlar günəş və soyuqdan qorunan bağlı yerdə oturacaqlar.

- Avrokuboklara vəsiqə qazansanız oyunlara qədər stadionun ot örtüyü dəyişdiriləcəkmi?

- O 50/50-yə olan məsələdir. Ola bilər ki, bu örtükdə oynadıq.

- Bəs UEFA buna icazə verəcəkmi?

- Stadionumuzun hazırki örtüyü UEFA-nın birinci meyarına uyğundur. Yəni, bir oyun oynamağa cavab verir. Digər çatışmazlıqlarların aradan qaldırılması ilə bayramdan sonra məşğul olacağıq. Avrokuboklara düşsək, bir oyunumuzu Tovuzda keçirəcəyik. Paralel olaraq, digər tələbləri yoluna qoymağa çalışacağıq.

- Bəs mərhələ keçsəniz?

- Onda çox güman ki, oyunlarımızı Tovuzda keçirə bilməyəcəyik. O, artıq bizdən asılı məsələ deyil. Stadionumuz uyğun gəlsə belə, rayon infrastrukturu münasib deyil. Məsələn, ikinci təsnifat mərhələsndə ən azı 3, ən yaxşı halda 4-5 ulduzlu otellər olmalıdır. Hansı ki, bizim rayonda cəmi bircə 5 ulduzlu otel var. Hava limanı olmalıdır və s. tələblər var. Bu kimi məqamları nəzərə alsaq, ikinci oyunumuzu stadionumuzun ot örtüyü dəyişdirilsə belə, Tovuzda keçirməyimiz üçün rayon infrastrukturu uyğun gəlmir.

- Bəs “Turan Tovuz” “Turan” adına nə zaman keçəcək?

- O yöndə də proselər gedir. Bunun üzərində də çalışılır. 2025/2026 mövsümünə qədər çalışırıq ki, həll edək. Nə qədər davam edəcəyi tam bəlli deyil. Amma növbəti mövsüm komandanın adının dəyişdirilməsi üçün çalışmalar sürməkdədir.

- Komandanın avrokuboklara vəsiqə qazanması ad dəyişikliyinin təxirə salınmasında nə dərəcədə rol oynadı?

- Əslində bəlkə bir az tez etmək olardı. UEFA-da problemlər yarana bilər deyə, məsələni azacıq gecikdirdik.