
BAKI, 24 mart TELEQRAF
Azərbaycan milli komandası martın 25-də Belarusla yoldaşlıq oyunu keçirəcək. Teleqraf xəbər verir ki, görüşdən öncə Azərbaycan milli komandasının portuqaliyalı baş məşqçisi Fernandu Santuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Səbuhi Abdullazadənin mətbuat konfransında iştirakı sabahkı oyunda ona start heyətində şans verəcəyiniz anlamına gəlirmi?
- Elvin Cəfərquliyevdən başqa hamısı sabah şans qazana bilər. Səbuhinin də onlardan biri kimi oynaması mümkündür. Bəzilərinə istirahət verəcəyik, bəziləri meydana çıxacaq. Ard-arda iki oyuna çıxmaq asan deyil. Ramazan ayıdır, oyunçular oruc tutur. Buna da hörmətlə yanaşırıq. Bilirik ki, asan deyil. Bu məqamları nəzərə alaraq sabahkı oyunda dəyişikliklər edəcəyik. Daha güclü, aqressiv, müdafiədə daha inamlı çıxış etməliyik. Buraxdığımız qollar çox sadədir. Vacibdir ki, sabahkı oyunda qol vuraq. Ötən oyunda rəqib qapısında təhlükəli vəziyyətlər yaratsaq da, onları qola çevirə bilmədik. Çalışacağıq ki, hücumda daha düzgün oynayaq və qol vuraq. Müdafiədə daha inamlı çıxış etməliyik, çünki hər oyun çoxlu səhvlər edirik. Belə səhvlərlə inkişaf edə bilmərik. Hücumda hər oyunda çox epizodlar yaradırıq.
- Futbol mütəxəssisi olaraq, qələbə qazanmadan millinin baş məşqçisi olmaq necə hissdir? Ümumiyyətlə, qələbə üçün nə qədər gözləməliyik?
- Hər oyunda imkanlar olur ki, qələbə qazanaq. Hamılıqla inanmalıyıq ki, qələbə gələcək. İnanıram ki, sabahkı oyunda bu olacaq. Nəyi səhv etmişiksə, onun üzərində işləməliyik. Futbol mütəxəssisi olaraq deyə bilərəm ki, müdafiədə inamlı olub, hücumda yaratdığımız epizodları qola çevirməliyik.
- Azərbaycan millisi daha müdafiə futbolu oynayırsa, buna uyğun rotasiyalar etmisinizmi?
- Hələ son qərar verilməyib. Oyunçuların son durumunu bilməliyik. Çünki məşqdə hər şey baş verə bilər. Ümumi götürdükdə, son məşqdə qərar verəcəyik ki, sabah kim oynayacaq. Futbolçularımızdan daha inamlı və əzmkar olmalarını istəyəcəyik. Sabah nə isə yenilik etməliyik.
- Ötən oyun “Bu gün komanda meydana məğlub olmağa çıxmışdı” deməyiniz emosianallıqla bağlı idi, yoxsa indi də eyni fikirdəsiniz?
- Hazırki durumda belə açıqlama verməmişəm. Mənim fikrim o idi ki, meydana çıxdıq və məğlub olmağa başladıq. Sonra dedim ki, komanda birinci hissədə reaksiya verdi, amma qol buraxdı. İkinci hissədə qol buraxdı və təslim oldu. Oyunçularda hər zaman qələbə ruhu olmalıdır. Futbolçularda belə hiss var ki, qol buraxan kimi ruhdan düşürlər, bu da mental olan şeydir.
- Şahrudin Məhəmmədəliyevin performansının zəif olduğunu nəzərə alaraq, qapıda Rza Cəfərova şans verəcəksiniz?
- Bu gün heyətlə bağlı açıqlama verməyəcəyəm. Bunu məşqdən sonra deyə bilərəm. Düşündüyümü deyəcəyəm. Aşağı-yuxarı eyni sualı verirsiniz. Etdiyiniz analizlərin hamısı fərdi təhlildir. Amma heç vaxt komanda olaraq danışmırsınız. Bu, kollektiv idman növüdür. Udanda da, uduzanda da komanda olaraq edirik. Bunu futbolçular da belə düşünməlidir. Kollektiv olaraq düşünmək lazımdır. Yol budur.
- 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblər tam bəllidir. Qrupda Azərbaycan millisinin ifasında yaxşı mübarizə, mübariz oyun görəcəyikmi?
- Bu barədə şərh verməyəcəyəm. Hələ seçmə oyunlaradək altı ayadək vaxt var. Sabah Belarusla vacib oyunumuz olacaq. Bu suallarınıza daha sonra cavab verəcəyəm.
- Siz hər oyundan sonra mental məsələdən şikayətlənirsiniz. Deməli, hələ də bunu düzəldə bilməmisiniz. Bəs sonu necə olacaq?
- Hələ gəldiyim bir il deyil. Ümid edirəm ki, qısa zamanda bu problemi aradan qaldıracağam. Hər bir oyunçu ilə həm fərdi, həm də komanda şəklində danışıram. Oyunçunun özündən də çox şey asılıdır. Mən, köməkçilərim, siz jurnalistlər və azarkeşlər bir oaraq, bu problemi aradan qaldırmalıyıq. Futbolda böyük təcrübəm var. Oyunçu da hərtərəfli dəstək görməlidir. Bu olmayanda meydanda qorxaraq qərar verir. Səhv etmək insana xas bir şeydir. Lakin səhv edibsə, öldürməməliyik. Mən də səhv etmişəm. Əsas məsələ dəstəkləməkdir. Tənqid etməkdənsə yanında olmaq lazımdır. Yaxşı davam etməsə də, onları dəstəkləyək. Övladlarımız səhv edəndə də onların yanında olmalıyıq.
- Azərbaycan millisinin hazırki oyununu komanda oyunu adlandırmaq olarmı? Siz bura gələndən nəyi dəyişmisiniz?
- Xeyr, Azərbaycan millisi kollektiv şəklində zəif oynayır. Müdafiə baxımından çox zəifik. Müdafiəçilər və ya qapıçıları nəzərdə tutmuram. Çox bəsit qollar buraxırıq. Azərbaycan millisinin əsas problemi aqressivliyin çatmamasıdır. Müdafiəyə çəkilsək də, istək çatmır. Bura gələndən eyni sözü deyirəm. Hücumda bəzi şeyləri yaxşı edə bilirik. Yaratdığımız epizodları qola çevirsək, daha yaxşı ola bilərik. İnanın ki, bir məşq buna həsr olunmuşdu. Ondan öncəki gün sırf müdafiəyə yönəlmişdik.