BAKI, 30 sentyabr. TELEQRAF
Türkiyənin İstanbul şəhərində “İki dövlət – bir səhnə, qardaş nəğmələri: Azərbaycan gecəsi” mövzusunda mədəniyyət proqramı keçirilib.
Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, proqram Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, İstanbulun Küçükçekmece Bələdiyyəsi, Xan Şuşinski Fondu və Xəzər Folklor, Təhsil və Araşdırma Mərkəzinin (HAZARFEM) birgə layihəsi çərçivəsində, Azərbaycanın İstanbuldakı baş konsulluğunun dəstəyi ilə Sefaköy Mədəniyyət və İncəsənət Mərkəzində təşkil olunub.
Tədbirdə Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Zamin Əliyev, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Xan Şuşinski Fondunun sədri Məryəm Hüseynova, HAZARFEM-in rəhbəri Nuran Acar və Küçükçekmece Bələdiyyəsinin nümayəndələri iştirak ediblər.
Türkiyədə keçirilən “Azərbaycan İncəsənət Həftəsi” çərçivəsində təşkil olunan proqramda Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri musiqi və xalq rəqsləri vasitəsilə təqdim olunub.
Gecədə Azərbaycanın tanınmış sənətçiləri İlhamə Qasımova və İlkin Dövlətov çıxış ediblər.
Proqramda ənənəvi Azərbaycan musiqisi səsləndirilib, mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının ifasında rəqs nümunələri təqdim edilib.
Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən çağdaş Azərbaycan rəssamlarının sərgisi açılıb. Burada Türkiyədə yaşayan tanınmış azərbaycanlı rəssamların yaradıcılıq nümunələri təqdim edilib.
Sərgidə, həmçinin müasir Azərbaycan rəngkarlığının müxtəlif üslub və ifadə formalarını əks etdirən əsərlər nümayiş olunub.