BAKI, 30 sentyabr. TELEQRAF
Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrou arasında görüş keçirilib.
Energetika Nazirliyindən Teleqraf-a bildirilib ki, görüşdə Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Cənub Qaz Dəhlizinin iki ölkə arasında enerji əməkdaşlığının strateji əsasını təşkil etdiyi vurğulanıb. Trans-Adriatik Boru Kəmərinin (TAP) Azərbaycan qazının Yunanıstan və digər Avropa bazarlarına çatdırılmasında, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) isə tədarük marşrutlarının şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində rolu qeyd edilib. Bildirilib ki, bu ilin ilk səkkiz ayında Yunanıstana təqribən 700 milyon kubmetr Azərbaycan qazı ixrac olunub.
Görüşdə, həmçinin bərpa olunan enerji, elektrik enerjisi bağlantıları və yaşıl enerji keçidi istiqamətlərində fikir mübadiləsi aparılıb. Azərbaycanın Xəzər dənizində böyük külək enerjisi potensialı, həyata keçirilən günəş və külək enerjisi layihələri, həmçinin yaşıl enerjinin Avropaya ixracı üzrə təşəbbüslər barədə məlumat verilib. Enerji əməkdaşlığının genişləndirilməsi imkanları nəzərdən keçirilib.