BAKI, 2 noyabr. TELEQRAF

ABŞ və Kanada arasında yeni ticarət sazişinin imzalanması ilə bağlı danışıqlar yekun mərhələyə yaxınlaşıb. Razılaşma Kanadanın “Keystone” neft kəmərinin tikintisini tam maliyyələşdirməsini nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ayova ştatında jurnalistlərə açıqlamasında bildirib.

“Kanada ilə çox yaxşı razılaşmanın əsas konturları müəyyənləşib. Hazırda sazişə çox yaxınıq”, – Tramp deyib.

ABŞ lideri bu yaxınlarda Kanadanın Baş naziri Mark Karni ilə telefon danışığı apardığını da açıqlayıb.

“Onlar ‘Keystone’ neft kəmərini tikəcəklər və bütün xərcləri özləri ödəyəcəklər. Biz isə marşrutu təqdim edəcəyik. Marşrut əsasən müəyyənləşdirilib”, – prezident vurğulayıb.

Trampın sözlərinə görə, mümkün razılaşmanın şərtlərindən biri də fermerlərin gömrük rüsumlarından azad edilməsidir.

Qeyd edək ki, ABŞ administrasiyası daha əvvəl Kanada ilə Texas ştatı arasında “Keystone XL” neft kəməri layihəsinin bərpasını gündəmə gətirmişdi. Layihə gündəlik 800 min bareldən çox Kanada neftinin ABŞ-nin Texas və Luiziana ştatlarındakı emal müəssisələrinə çatdırılmasını nəzərdə tutur.

Xatırladaq ki, iki ölkə arasında ticarət münasibətləri son aylarda gərginləşib. Avqustun 22-də ABŞ Kanadadan idxal edilən bəzi məhsullara 50 faizlik gömrük rüsumları tətbiq edib.

Buna cavab olaraq Kanada hökuməti Vaşinqtonla ticarət danışıqlarını dayandırıb və qarşılıqlı rüsumların tətbiq ediləcəyini açıqlayıb.