BAKI, 1 noyabr. TELEQRAF

Bolqarıstan Qara dəniz hövzəsindəki təhlükələrlə mübarizə məqsədilə Avropa İttifaqından əlavə 2 milyard avro maliyyə vəsaiti ayrılmasını xahiş edib.

Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə fəaliyyət göstərən “Rapporteur” portalı məlumat yayıb.

Məlumata görə, bu tələb Avropa Parlamentində Avropa Komissiyasını dəstəkləyən ən böyük siyasi qrup Avropa Xalq Partiyasının (EPP) nümayəndə heyətinin Bolqarıstana səfəri zamanı səsləndirilib. Nümayəndə heyəti yerli deputatlarla Aİ-nin növbəti yeddiillik büdcə planını və hərbi xərcləri müzakirə edib.

Nümayəndə heyətinin rəhbəri, Polşanın hakim partiyasından olan deputat Yaçek Protas Aİ-nin şərq ölkələrinə, o cümlədən Bolqarıstandan Finlandiyayadək uzanan regiona və Polşaya 2028–2034-cü illəri əhatə edən növbəti büdcə çərçivəsində hərbi xərclər hesabına 10 faiz daha çox maliyyə ayrılacağını vəd edib. Bunun üçün bütün Aİ üzvlərinin Avropa Komissiyasının hazırladığı büdcə layihəsini dəstəkləməsi şərt qoyulub.

Ümumi həcmi 1,76 trilyon avro olan yeddiillik büdcə layihəsi oktyabrın 12-13-də keçirilən Aİ sammitində qəbul edilməyib. Üzv ölkələr ittifaqın büdcəsinə ayırdıqları vəsaitin artırılmasına və Avropa fermerləri üçün maliyyələşmənin hərbi xərclərin xeyrinə azaldılmasına etiraz ediblər.

Ölkələr Avropa Komissiyasının büdcə planlarını ən azı 13 faiz azaltmağı tələb ediblər.