BAKI, 1 noyabr. TELEQRAF
ABŞ administrasiyası dekabrda Floridada keçiriləcək G20 sammitində iqtisadi artım və iqtisadi təhlükəsizlik məsələlərinə əsas diqqət ayırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.
Dövlət Departamentinin məlumatına görə, G20-yə üzv ölkələrin xarici işlər nazirlərinin Atlantada keçirilən görüşündə ABŞ dövlət katibi Marko Rubio iştirakçıları qurumun əsas missiyasına – iqtisadi artımın təmin edilməsinə və iqtisadi təhlükəsizliyin gücləndirilməsinə yönəldib.
Qurumdan bildirilib ki, ABŞ dekabrda Mayamidə keçiriləcək G20 liderlərinin sammitində də tərəfdaşları ilə bu istiqamətdə əməkdaşlıqda aparıcı rol oynamağa davam edəcək.
Qeyd edək ki, ABŞ 2026-cı ildə G20-yə sədrlik edir. Ölkədə təşkilat çərçivəsində keçirilən tədbirlərin yekunu olaraq dekabrın 14-15-də Mayami yaxınlığında liderlərin sammiti baş tutacaq.