BAKI, 1 noyabr. TELEQRAF

Bu gün Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadənin 80 yaşı tamam olur.

Teleqraf.az bu münasibətlə onun haqqındakı məqaləni təqdim edir.

Sürgündə başlayan həyat

Rais Rəsulzadə 1946-cı ildə Qazaxıstanın ozamankı Alma-Ata vilayətində, Kirov rayonunun Kirov qəsəbəsində sürgündə anadan olub. Babası Məhəmmədəmin Rəsulzadənin mühacirətə getməsindən sonra daim təqiblərə məruz qalan ailəsi repressiya dönəmində Qazaxıstana sürgün edilmişdi. Rais bəyin uşaqlığı da bu səbəbdən Vətəndən uzaqda keçib.

O, 1965-ci ildə Qaraqanda şəhərindəki 28 saylı orta məktəbi bitirib. Eyni zamanda H. K. Krupskaya adına SSRİ Ümumittifaq Qiyabi Xalq Universitetinin rəngkarlıq fakültəsində təhsil alıb. Həmin il Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsinə daxil olub və 1969-cu ildə təhsilini başa vurub.

1969–1971-ci illərdə Sovet ordusunda xidmət edən Rais Rəsulzadə bu dövrdə də rəssamlıqla məşğul olub, rəngkarlıq və monumental sənət nümunələri yaradıb. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun bədii qrafika fakültəsinə daxil olub, 1977-ci ildə ali təhsilini bitirib.

Rais bəy 1976-cı ildən beynəlxalq, ümumittifaq və respublika səviyyəli bədii sərgilərdə iştirak etməyə başlayıb. Həmin il Moskvada keçirilən “Ölkənin gəncliyi” ümumittifaq bədii sərgisində və Bakıda təşkil olunan eyniadlı respublika sərgisində əsərləri nümayiş etdirilib. 1977-ci ildə SSRİ Rəssamlıq Akademiyasının təşkil etdiyi gənc rəssamların ümumittifaq sərgisində iştirak edib. Həmin il Bakıda keçirilən Böyük Oktyabr sosialist inqilabının 60 illiyinə həsr olunmuş sərgidə, eləcə də “Bahar” sərgisində və Azərbaycan rayonlarına yaradıcılıq ezamiyyətlərinin nəticələrinə həsr edilən hesabat sərgisində də əsərlərini təqdim edib.

1978-ci ildə SSRİ Rəssamlar İttifaqı üzvlərinin sərgisində, 1979-cu ildə isə “Bədən tərbiyəsi və idman”, “Vətənimin mavi yolları”, “Mənzərə, natürmort, interyer” və “Rəssamın emalatxanasından” adlı sərgilərdə iştirak edib. Sonrakı illərdə onun əsərləri həm Azərbaycanda, həm də xarici ölkələrdə nümayiş etdirilib.

1980-ci ildə Havanada Sovet rəssamlarının beynəlxalq sərgisində, Daşkənddə gənc rəssamların ümumittifaq sərgisində və Əfqanıstanın Kabil şəhərində keçirilən Azərbaycan rəssamlarının əsərləri sərgisində təmsil olunub. 1982-ci ildə SSRİ-nin 60 illiyinə həsr olunmuş sərgidə, 1983-cü ildə “Sosialist əməyi qəhrəmanlarının portreti” sərgisində, 1984-cü ildə isə ümumittifaq sulu boya sərgisində iştirak edib.

Rais Rəsulzadənin əsərləri 1988-ci ildə Polşanın Varşava şəhərində və ABŞ-nin Hyuston şəhərində də nümayiş etdirilib. 1989-cu ildə Azərbaycan rəssamlarının əsərləri Novqorod şəhərində keçirilən sərgidə təqdim olunub. 1990-cı ildə “Yanvar – 90” bədii sərgisində, 1991–1992-ci illərdə isə respublika “Bahar” sərgisində iştirak edib.

Müstəqillik illərindəki fəaliyyəti

1994-cü ildə Bakıda ilk fərdi sərgisini açan rəssam 1995-ci ildə ikinci fərdi sərgisini təşkil edib. 1997–1998-ci illərdə respublikada və xarici ölkələrdə keçirilən sərgilərdə iştirakını davam etdirib. 2000–2001-ci illərdə “Sənətdə təmayüllər” və “İncəsənət və neft səltənətində”adlı tematik sərgilərdə, 2001-ci ilin dekabrında “Mənzərə” sərgisində, 2002-ci ildə “XXI əsr – yeni əsərlər” və “Natürmort” sərgilərində əsərlərini nümayiş etdirib. 2003-cü ildə “Bakı. İçəri şəhər”, “Təsviri sənətdə qadın obrazı” və “Güllər aləmində”, 2004-cü ildə isə “Portret” və“Akvarel” sərgilərində iştirak edib.

Rais Rəsulzadənin yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Azərbaycan təbiətinin müxtəlif guşələri, dağlar, çaylar, tarixi məkanlar və qədim yaşayış yerləri onun əsərlərinin əsas mövzularındandır. “Naxçıvan dağları” (1980), “İçəri şəhərdə” (1985), “Şamaxı dağları” (2003), “Gədəbəy” (2010), “Nardaran motivi” (2008), “Ağsu çayı. Quzey kəndi” (2010), “Göyçay çayı” (2011), “Xəzər” (2012), “Göygöl. Dağlarda yol” (2010), “Məmləkətim”(2014) və “Bahar” (2015) bu istiqamətdəki əsərlərindəndir.

Rəssamın portret və natürmort janrlarında yaratdığı əsərlər də yaradıcılığının mühüm hissəsini təşkil edir. “Şərq natürmortu” (1980), “Rəssam Qadir Süleymanovun portreti” (1985), “Metro inşaatçılar” (1986), “Gizlində” (1988), “Yorğun əsgər” (1989) və “Balıqçının portreti” (1990) onun müxtəlif mövzulara müraciət etdiyini göstərir. Sulu boya ilə işlədiyi əsərlərdə isə bu texnikanın rəng və təsvir imkanlarından istifadə edib.

İctimai fəaliyyəti

Rais Rəsulzadənin fəaliyyəti rəssamlıqla məhdudlaşmayıb. O, 1978-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda, sonralar Azərbaycan Dövlət Pedaqoji Universitetində “Rəsm, heykəltəraşlıq və boyakarlıq” kafedrasında çalışıb. Müəllim, baş müəllim vəzifələrində işləyən rəssam 2005-ci ildən həmin kafedranın dosenti olub. Onun yetirmələri arasında əməkdar rəssamlar, dosentlər, Azərbaycan mədəniyyəti və elmində fəaliyyət göstərən şəxslər var. Rais Rəsulzadə 1976-cı ildən Rəssamlar İttifaqının fəaliyyətində iştirak edib, 1978-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqlarının üzvü olub. İttifaqın yaradıcılıq və ictimai işlərində fəallıq göstərib. Əsərləri Kuba, Əfqanıstan, Polşa və ABŞ-də nümayiş etdirilib, yaradıcılığı haqqında ümumittifaq və respublika mətbuatında məqalələr dərc olunub, əsərlərinin reproduksiyaları yayımlanıb.

2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə fəxri təqaüdə layiq görülən Rais Rəsulzadəyə 2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adı verilib.

Rəssam sonrakı illərdə də sərgi fəaliyyətini davam etdirib. 2016-cı il noyabrın 1-də üçüncü fərdi sərgisi keçirilib. Həmin ayın 4–16-da Bakıda, İncəsənət Mərkəzində dördüncü fərdi sərgisi təşkil olunub. 2016-cı ilin dekabrında Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş sərgidə, 2017-ci ilin yanvarında “İlin tablosu” adlı respublika bədii sərgisində və mart ayında Bakıda keçirilən “Bahar” sərgisində iştirak edib. Həmin ilin aprelində Türkiyənin Ankara şəhərində “Yerli düşüncə dərnəyi” tərəfindən fərdi sərgisi təşkil olunub.

Cümhuriyyətin 2018-ci ildə keçirilən 100-cü ildönümündə Rais Rəsulzadənin ABŞ-də fərdi sərgisi baş tutub.

Rais bəy 2009-cu ildən Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədridir.

Babasının aid gördüyü ilk şəkil

Rais bəy müsahibələrinin birində Sovet dövründə partiya tarixindən dərs deyən bir müəllimi ilə arasında keçən dialoqdan bəhs edib:

“Kommunist Partiyasının Mərkəzi Komitəsindən gəlib bizə Sov.İKP-nın partiya tarixindən dərs deyən bir professor vardı. Bir dəfə partiya tarixindən mühazirə oxuyanda dostum Telman ondan soruşdu ki, “Məhəmmədəmin Rəsulzadə kimdir? Bilirsiniz?”

Professor tutuldu. Eynəyini gözündən çıxartdı, bir müddət Telmana baxdı, baxdı, sonra “Sən onun adını hardan bilirsən?” - deyə sual etdi. Telman da çevrilib məni göstərib “Bizim Raisin babasıdır da…” dedi. Professor mənə baxdı, heç nə demədi. Zəng vurulandan sonra həmin professor məni yanına çağırdı. Qoluma girib məni dəhlizin adamsız olan hissəsinə apardı. Boynumu qucaqlayıb qəhərlə “Sən bilirsənmi hansı kişinin nəvəsisən? Sən həmişə fəxr eləməlisən Məhəmmədəminlə. O, bu xalqın fəxridir, vaxt gələr hər şey üzə çıxar. Biz qorxumuzdan heç nə danışa bilmirik. Məcburuq bu partiya tarixini deməyə… Amma sən unutma, qürurla gəz, sən böyük kişinin nəvəsisən”. Təəccübdən donub qalmışdım. Kommunist Partiyasının üzvündən bu sözləri eşitmək mənim üçün gözlənilməz idi”.

Yenə müsahibəsində babasının şəklini ilk dəfə necə gördüyündən bəhs edib:

“İlk dəfə babamın şəklini bizim Oqtayda gördüm. Xalq rəssamı Oqtay Sadıqzadədə, Seyid Hüseynin oğlunda. Profil şəklini mənə göstərdi. 80-ci illərin əvvəlləri idi. Mənə dedi ki, Fransada bir jurnal çıxıb, Avropanın görkəmli siyasətçilərinin siyahısı dərc edilib. Oraya Məhəmmədəmin Rəsulzadənin də adı salınıb. Həmin jurnal onun əlinə düşmüşdü. Oradan götürüb saxlamışdı şəkli. Gənc rəssam idim. Moskvadan gəlib sərgilər üçün sifariş alıb aparırdılar. Ümumittfaq sərgisi üçün eskizlərə baxış keçirirdilər. Mən də eskizləri gətirmişdim. İşlərimi sərgi üçün götürdülər. Pəncərənin kənarında bir nəfər durmuşdu. Gördüm ki, mənə baxır. Salam verdi, dedi ki “mən səni tanıyıram”. Baxdım ona… Daha heç nə demədi. Otaqda olanda gördüm həmin adam qapını açıb içəri keçdi. Memar, sonralar hamının tanıyacağı Mövsüm Əliyev idi. Mənə yaxınlaşdı, əlini cibinə salıb bir şəkil çıxardı: “Bunu tanıyırsan? Babandır” dedi. Həmin şəkildən sonra plakat düzəltdilər. Soruşdum ki, “şəkil sizin əlinizə necə düşüb?” Dedi ki, mən Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovla işləyirəm. Onun imkanları böyükdür. Arxivə girişi var. Məxfi sənədlərə baxa bilir. Arxivdən o çıxarıb gizlicə bu şəkli… Mövsüm Əliyev 1989-cu ildə “Odlar yurdu” qəzetində həmin fotonu babamın tərcümeyi –halı ilə bağlı məqaləsində çap etmişdi”.

Rais bəy bu gün Cümhuriyyətimizin qurucusunun əziz yadigarıdır. Onu 80 illik yubileyi münasibətilə təbrik edirik.

Qeyd: Fotoşəkillər və sənədlər Rais bəyin şəxsi arxivindən götürülüb.

Dilqəm ƏHMƏD