BAKI, 2 noyabr. TELEQRAF

Almaniyada yüksəkvəzifəli siyasətçilərin “iPhone” telefonlarının casus proqramları vasitəsilə ələ keçirilmiş ola biləcəyi barədə xəbərdarlıq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti ölkənin rəqəmsallaşma naziri Karsten Vildbergerə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, mümkün kiberhücumun hədəfləri arasında Bundestaq deputatları və federal hökumətin üzvləri də var.

Bildirilir ki, oktyabrın 29-dan etibarən “Apple” şirkəti bəzi istifadəçilərə cihazlarının casus proqramları vasitəsilə izlənilə biləcəyi barədə bildirişlər göndərib.

Nazir Karsten Vildberger məlumatı təsdiqləyərək vəziyyətin narahatlıq doğurduğunu bildirib.

“Söhbət ‘Apple’ın müəyyən cihazların ələ keçirilmiş ola biləcəyi barədə xəbərdarlığından gedir”, – nazir qeyd edib.

“Bild” yazır ki, hücumlarda “Mercenary Spyware” adlanan, ixtisaslaşmış şirkətlər tərəfindən hazırlanan casus proqramlarından istifadə edilmiş ola bilər.

Bu tip proqramlar istifadəçilərin yazışmalarına, əlaqə siyahılarına, təqvim məlumatlarına və olduqları yer barədə informasiyaya çıxış əldə etməyə imkan verir. Həmçinin telefonun mikrofon və kamerasının istifadəçinin xəbəri olmadan işə salınması mümkündür.

Almaniyanın Federal İnformasiya Təhlükəsizliyi İdarəsi potensial zərərçəkənləri yazılı şəkildə xəbərdar edib. Onlara cihazlarının təhlükəsizliyinin pozulmuş ola biləcəyini nəzərə almaq tövsiyə olunub.

Hücumun arxasında kimlərin dayandığı və neçə siyasətçinin hədəfə alındığı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.