Ermənistan tərəfi 2020-ci il müharibəsi zamanı 3773 nəfər itirib, 243 hərbçi isə itkin düşmüş hesab olunur.

Teleqraf.com xəbər verir ki, bunu bu gün parlamentdə hökumətin proqramını təqdim edən ölkənin baş naziri Nikol Paşinyan bildirib.

O, müharibənin şərtlərinin aydınlaşdırılmasının açıq ictimai tələb olduğunu qeyd edib.

“Parlamentdə araşdırma komissiyası yaradılacaq. Komissiyanın işinə parlamentdənkənar qüvvələrin nümayəndələrinin, habelə müharibə qurbanlarının və naməlum şəxslərin yaxınlarının cəlb edilməsinin vacibliyini vurğulamalıyam”, - deyə o bildirib.

Baş nazir deyib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra ediləcək ən əhəmiyyətli işlərdən biri də ordu və silahlı qüvvələrdə islahat və modernləşmədir. “Ermənistan tədricən peşəkar orduya keçəcək, çağırış və səfərbərlik hərbi xidmətinin strukturu əhəmiyyətli dərəcədə dəyişəcək”, - Paşinyan bildirib.

Nikol Paşinyan ordunun texnoloji modernləşməsini, avtomatlaşdırılmış sistemin tətbiqini, yeni əməkhaqqı və sosial təminat siyasəti ilə hərbi xidmətin cəlbediciliyinin artmasını, hərbi təhsilin keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasını, hərbi hissələrdə qadınların daha geniş iştirakını vurğulayıb.

“Bu, qadınların kişilər qədər orduya cəlb olunmaları demək deyil. Söhbət potensialın tam istifadəsindən gedir”, - deyə o bildirib.

Nikol Paşinyanın sözlərinə görə, hərbi xidmətin strukturu və müddəti əhəmiyyətli dərəcədə dəyişəcək, ehtiyatda olanların hazırlanmasına daha çox diqqət yetiriləcək.

“Sabah başlayacaq üç aylıq təlimlər bu çərçivədədir. Bununla ordunun dəyişdirilməsi və aktiv ehtiyat qüvvəsinə sahib olma prosesinə başlayırıq”, - N.Paşinyan belə deyib.

Ermənistanın baş naziri strateji müttəfiqləri olan Rusiya ilə əməkdaşlığın ordu islahatları və modernləşmə prosesində vacib olduğunu da söyləyib.