BAKI, 18 avqust. TELEQRAF

Ermənistan və Hindistan müdafiə sənayesi və yüksək texnologiyalar sektorlarında əməkdaşlığın genişləndirilməsi üçün memorandum imzalayıblar.

Teleqraf xəbər verir ki, Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə Hindistan Respublikasının Müdafiə Nazirliyi arasında "Müdafiə Sənayesində Tədqiqat, İnkişaf, İnnovasiya və Birgə İstehsalat Sahəsində Əməkdaşlıq" haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənəddə müdafiə sənayesində qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi istiqamətləri, o cümlədən birgə tədqiqat, dizayn və innovasiya proqramlarının həyata keçirilməsi, müdafiə texnologiyaları startaplarının və inkubatorlarının inkişafı, eləcə də sahə mütəxəssislərinin bacarıq və təcrübə mübadiləsi proqramları müəyyən edilib.

Memorandumu Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Komitəsinin sədri vəzifəsini icra edən Aram Jivanyan və Hindistanın müdafiə katibi Rajesh Kumar Singh imzalayıblar.

Tərəflər əldə edilmiş razılaşmaların praktiki həyata keçirilməsini təmin etmək üçün əlavə addımlar barədə razılığa gəliblər.