BAKI, 24 sentyabr. TELEQRAF

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvares Gil ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Görüşdə Azərbaycan–Dominikan Respublikası münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub, iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusionallaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşün yekununda Azərbaycan və Dominikan Respublikası hökumətləri arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı şəkildə aradan qaldırılması haqqında saziş imzalanıb.

Bundan başqa, iki ölkənin xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Bildirilib ki, imzalanan sənədlər Azərbaycanla Dominikan Respublikası arasında əməkdaşlığın və ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək.