BAKI, 24 sentyabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ hökumətinin təşkilatçılığı ilə keçirilən “Sülh vasitəsilə rifah: Trans-Xəzər Ticarət Marşrutuna və TRIPP-ə investisiya” adlı tədbirdə çıxış edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.
Ceyhun Bayramov çıxışında Azərbaycanın regional bağlantıların gücləndirilməsi ilə bağlı baxışlarını təqdim edib. Nazir nəqliyyat və logistika əlaqələrinin inkişafının regionda iqtisadi artıma, təchizat zəncirlərinin dayanıqlığının artırılmasına və yeni investisiya imkanlarının yaradılmasına töhfə verə biləcəyini bildirib.
Tədbirdə əsas diqqət TRIPP layihəsinə yönəlib. Bildirilib ki, layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal nəqliyyat bağlantısının təmin edilməsini nəzərdə tutur.
Bayramov TRIPP-in həyata keçirilməsi istiqamətində ABŞ-ın səylərini yüksək qiymətləndirib və göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir layihənin yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmadığını, regional enerji bağlantılarının və enerji mənbələrinin şaxələndirilməsi baxımından da mühüm potensiala malik olduğunu vurğulayıb.
Çıxış zamanı Bakı Limanı və Ələt Azad İqtisadi Zonasının ətrafında inteqrasiya olunmuş nəqliyyat-logistika qovşağının yaradılması istiqamətində Azərbaycanın investisiyaları davam etdirdiyi də qeyd olunub.
Bayramov, həmçinin rəqəmsallaşdırmanın genişləndirilməsi, logistika və gömrük prosedurlarının sadələşdirilməsi, regional tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.