BAKI, 29 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün hökumət daxilində genişmiqyaslı kadr islahatları həyata keçirib.
Teleqraf "Armenpress" agentliyinə istinadla xəbər verir ki, bu gün Ermənistanın bir neçə mühüm nazir müavini dərhal vəzifəsindən azad edilib.
Armen Simonyan ərazi idarəetmə və infrastruktur nazirinin müavini postundan uzaqlaşdırılıb, Levon Hakobyan və Armen Qasparyan səhiyyə nazirinin müavinləri vəzifələrindən rəsmən azad ediliblər.
Boşalan strateji postlara Paşinyanın imzası ilə dərhal yeni təyinatlar həyata keçirilib:
Lena Nanuşyan və Samvel Xarazyan səhiyyə nazirinin yeni müavinləri təyin olunublar. Armen Qazaryan daxili işlər nazirinin müavini vəzifəsinə yenidən gətirilib.
Paralel olaraq, Paşinyan öz fərdi aparatında etibarı qorumaq məqsədilə daxili köməkçi statuslarını da yeniləyib. Sərəncama əsasən, 2021-ci ildən bəri bu postu tutan Qaqik İsaxanyan və 2023-cü ildən fəaliyyət göstərən Karine Davoyan yenidən Baş nazirin köməkçisi vəzifələrinə təyin olunaraq öz yerlərini qorumağı bacarıblar.
***
12:05
Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı yeni qərarla Artak Kamalyan yenidən Baş nazirin baş məsləhətçisi vəzifəsinə təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə "Armenpress" agentliyi məlumat yayıb.
Ermənistan hökumətinin rəsmi "e-gov.am" saytında yayımlanan qərara əsasən, Kamalyan öz postunda fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Artak Kamalyan 2024-cü ilin avqust ayından etibarən Ermənistan Respublikası Baş nazirinin baş məsləhətçisi vəzifəsini icra edir və hökumətin daxili-xarici siyasət strategiyalarının qurulmasında əsas fiqurlardan biri kimi tanınır.