Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Baş nazir Nikol Paşinyanın “isterik əmrlər”ini yerinə yetirən hər kəsə müraciət edib, Sünik bölgəsinin (Zəngəzur) Sisyan Surb Qriqor Lusavoriç kilsəsinin keşişi Parqev Zeynalyana təzyiq göstərməməyə və onu qorxutmamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, sabiq diplomat kilsədə Paşinyana qarşı sayğısızlıq edən keşişə siyasi təzyiqlərin başladığını bildirib.

O, din xadimlərinə müraciət edərək, Paşinyanın bu təzyiq kampaniyasının alətinə çevrilməməyə çağırıb:

“Ata Parqevin görə biləcəyi məsafədə və Sisyan Kilsəsinin yaxınlığında görünməyə belə cəsarət etməyin. Onu söyməyə və tərs baxmağa cəsarət etməyin. Müqəddəs ata səni (Paşinyan) bağışlaya da bilər, axı o bir kahindir, amma mən də daxil olmaqla çoxları bağışlamırıq. Sizi bir erməni kimi, bir kişi kimi, Apostol Kilsəsinin davamçısı kimi cəzalandıracağam və yalnız bundan sonra qanunun bütün ciddiyyətinə görə mühakimə olunmağınıza icazə verəcəyəm”.

Keşiş Zeynalyanın Sisyandakı kilsədə Baş nazir Nikol Paşinyanın əlini sıxmaqdan imtina etdiyi hadisə cəmiyyətdə rezonans doğurub. Polis, insan haqları təşkilatları və erməni kilsəsi baş verənlərə reaksiya verib.