BAKI, 9 avqust. TELEQRAF

Türkiyənin Çanaqqala vilayətindəki Kepez qəsəbəsinin bələdiyyə çimərliyində istirahət edənlər partlamamış artilleriya mərmisi tapıblar.

Teleqraf xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Mərmi sahilə yaxın ərazidə istirahət edənlər tərəfindən aşkarlanıb. Onlar dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları çimərliyin həmin hissəsini mühasirəyə alaraq təhlükəsizlik tədbirləri görüblər.

Çanaqqala vilayətinin polis idarəsinin partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssisləri mərmini ərazidən götürərək araşdırılması üçün Kepez polis bölməsinə aparıblar.

Mərminin sonrakı taleyi məhv ediləcəyi, yoxsa muzeyə təhvil veriləcəyi ekspertizanın nəticəsindən sonra müəyyənləşəcək.

1915-1916-cı illərdə baş vermiş Çanaqqala döyüşləri Birinci Dünya müharibəsinin Osmanlı imperiyası ərazisindəki ən böyük hərbi kampaniyalarından biri olub. Çanaqqala bölgəsində həmin dövrdən qalan çoxsaylı tarixi artefaktlar mövcuddur.