BAKI, 9 iyul. TELEQRAF
Hüquq-mühafizə orqanlarının əməkdaşları bu səhər "Ana Ermənistan" partiyasının üzvü Aregnaz Manukyanı saxlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
"Ana Ermənistan" partiyasının üzvü və Çiçəklənən Ermənistan Partiyasından deputatlığa namizəd Aregnaz Manukyanın mənzilində axtarış aparılıb.
O, hüquq-mühafizə orqanlarının əməkdaşlarının irəli çıxıb mənzilinə niyə girdiklərini izah etmələrini tələb etdiyi bir video yayımlayıb. Lakin polislər telefonu Areknaz Manukyanın əlindən alıblar.
Daha sonra Yerevan Ağsaqqallar Şurasının "Ana Ermənistan" fraksiyasının rəhbəri Manuk Sukiasyan öz səhifəsində yazıb: "Bir neçə dəqiqə əvvəl "Ana Ermənistan" partiyasının idarə heyətinin üzvü Areknaz Manukyan gətirilib. Ehtimal ki, o, həbs olunur".
Xatırladaq ki, bundan əvvəl Çiçəklənən Ermənistan Partiyasının siyahısında ikinci namizəd və "Ana Ermənistan" partiyasının sədri Andranik Tevanyan dövlətə xəyanət ittihamı ilə əlaqədar həbs edilib.