BAKI, 9 avqust. TELEQRAF

ABŞ-nin "Delta Air Lines" aviaşirkətinə məxsus "Boeing 757" təyyarəsi Atlantadan havaya qalxdıqdan qısa müddət sonra pilot kabinində yanıq qoxusu hiss edildiyi üçün məcburi eniş edib.

Teleqraf xəbər verir ki, bu barədə yerli "Fox 5" Atlanta telekanalı məlumat yayıb.

Orlandoya uçan təyyarə şənbə günü səhər saatlarında Atlantadakı Hartsfild-Cekson Beynəlxalq Hava Limanına geri qayıtmaq məcburiyyətində qalıb. Buna pilot kabinində tüstülənmə və yanıq qoxusunun hiss edilməsi səbəb olub.

Aviaşirkətin nümayəndəsinin sözlərinə görə, havaya qalxdıqdan qısa müddət sonra ekipaj fövqəladə vəziyyət elan edib və uçuşun həyata keçirildiyi hava limanına qayıtmaq qərarına gəlib.

Təyyarədə ümumilikdə 205 nəfər olub. Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.