BAKI, 9 avqust. TELEQRAF
Belqorod vilayətində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 11 böyük və iki uşaq yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat yayıb.
Onun sözlərinə görə, yaralananlar arasında 4 yaşlı oğlan da var. O, qəlpə yaraları ilə uşaq xəstəxanasına çatdırılıb. 9 yaşlı uşağa və üç böyük şəxsə tibbi yardım hadisə yerində göstərilib. Daha səkkiz yaralı isə Belqoroddakı tibb müəssisələrinə aparılıb.
Şuvayev bildirib ki, bütün yaralılara lazımi tibbi yardım göstərilir.
İlkin məlumata görə, hücum nəticəsində dörddən çox çoxmənzilli yaşayış binasına, inzibati binaya, sosial və kommersiya obyektlərinə ziyan dəyib. Pilotsuz uçuş aparatının partlaması nəticəsində yaşayış binasının qarşısındakı dayanacaqda iki avtomobil yanıb. Yanğın artıq söndürülüb.
Bundan başqa, vilayətdə bir fərdi yaşayış evində də yanğın baş verib. Hazırda yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində iş aparırlar.