BAKI, 6 iyul. TELEQRAF

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana və onunla əlaqəli şəxslərə qarşı qanunsuz əldə edilmiş əmlakın müsadirə edilməsi iddiasını qismən təmin edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğu məlumat yayıb.

Məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra aşağıdakılar Ermənistan Respublikasının xeyrinə müsadirə olunacaq:

- İrəvanın Kentron inzibati rayonunda, Teryan küçəsində yerləşən mənzilin 38%-i,
- İrəvanın Kentron inzibati rayonunda, Teryan küçəsində yerləşən bir dayanacaq, bütövlükdə,
- İrəvanın Kentron inzibati rayonundakı Teryan küçəsində yerləşən bir dayanacağın 38%-i,
- Banka qoyulmuş 202 milyon 998 min dram məbləğində əmanətlərin ümumi məbləği, həmin əmanətlərdən hesablanmış ümumi faiz məbləği, eləcə də qərarın faktiki icra tarixinə qədər əmanətlər və əmanətlərdən hesablanmış faizlər üzrə hesablanmış faizlər,
- 352 milyon 438 min dram.