BAKI, 9 avqust. TELEQRAF

Hörmüz boğazı ətrafında yaranan böhran qlobal neft bazarında yeni dəyişikliklərə səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" yazıb.

Nəşrin məlumatına görə, Hörmüz boğazının bağlanması fonunda qlobal enerji bazarında struktur dəyişiklikləri başlayıb. ABŞ və İran arasındakı müharibə dünya üzrə neft idxalçılarını alternativ tədarük marşrutları axtarmağa vadar edib və bu proses enerji sektorunda qüvvələr nisbətinə təsir göstərib.

Böhrandan əsas qazanc əldə edənlər arasında əvvəllər iri neft ixracatçıları sırasına daxil olmayan ölkələr göstərilir. Əhalisi 1 milyondan az olan Qayana hazırda sutkada təxminən 1 milyon barel neft hasil edir. Ölkənin neft ehtiyatlarının ümumi həcmi 11 milyard barel qiymətləndirilir. Dənizdə hasilata 2019-cu ildə başlanılıb və analitiklərin proqnozlarına görə, 2030-cu ilədək tədarük iki dəfə arta bilər.

Bundan başqa, Namibiya və Fil Dişi Sahillərinin sahillərində yeni neft yataqları aşkarlanıb. Uqanda da hasilata başlamağa hazırlaşır. Çin və Hindistan kimi Asiya nəhəngləri isə hazırda Braziliya və Afrikadan daha fəal şəkildə neft alaraq Yaxın Şərqdən asılılığı azaldırlar.

The Times yazır ki, bunun nəticəsində ABŞ, Kanada, Braziliya, Argentina və Qayanadan ibarət “Amerika beşliyi” formalaşıb və bu ölkələr OPEC-dən yan keçən yeni neft bazarının yaranmasına təsir göstərirlər.