BAKI, 9 avqust. TELEQRAF

Bəşər Əsəd hakimiyyəti dövründə Suriyanın kəşfiyyatına rəhbərlik edən Hüssam Luka hakimiyyət dəyişikliyindən sonra ölkədən qaçaraq Rusiyaya gedib.

Teleqraf xəbər verir ki, Suriyanın keçmiş kəşfiyyat rəhbəri Hüssam Lukanın Rusiyada olduğu müəyyənləşdirilib.

Nəşrin məlumatına görə, jurnalistlər Lukanın yerini Dəməşqdəki iqamətgahında tapılan qeyd dəftərindəki əlaqələr vasitəsilə müəyyənləşdiriblər.

Luka 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra yoxa çıxıb. Bundan qısa müddət sonra hərbçilər onun evində satıcılardan və həkimlərdən tutmuş hərbi məmurlara və qohumlarına qədər 155 əlyazma əlaqənin olduğu dəftər tapıblar.

BBC jurnalistləri dəftərdəki bütün nömrələri yoxlayıblar. Əlaqələrdən biri Lukanın telefon nömrəsini jurnalistlərə təqdim edib. Məlum olub ki, həmin nömrə Rusiyada qeydiyyatdadır.

Jurnalistlər həmin nömrəyə zəng etdikdə Luka danışmaqdan çəkinib. O, telefonla danışmağın riskli olduğunu bildirib və Rusiyadan kənarda jurnalistlərlə görüşməyin çətin olacağını deyib.

Nəşr həmçinin Lukaya aid olduğu bildirilən və Suriyada qeydiyyatda olan ikinci telefon nömrəsi əldə edib. Jurnalistlər həmin nömrənin Moskvanın iki ətraf rayonunda istifadə edildiyini izləyə biliblər.

Bundan başqa, Livan hökumətində yüksək vəzifəli mənbə BBC-yə Lukanın Livan ərazisindən “başqa adla etibarlı Rusiya pasportu” ilə keçdiyini təsdiqləyib.

Hüsnam Luka Bəşər Əsədin hakimiyyəti dövründə Suriyanın Baş Təhlükəsizlik İdarəsinə rəhbərlik edib. Geniş məlumatlandırıcı şəbəkəsinə görə “Hörümçək” ləqəbi ilə tanınıb.

Suriyanın baş prokuroru Həsən əl-Turba BBC-yə bildirib ki, hökumət Luka barəsində qəsdən adam öldürmə, işgəncə və işgəncə nəticəsində ölüm ittihamları ilə cinayət işi açıb.

Onun sözlərinə görə, Luka barəsində Suriyada həbs qərarı çıxarılıb və hakimiyyət bu qərarın beynəlxalq səviyyədə yayılması üzərində işləyir. Suriyanın keçmiş kəşfiyyat rəhbərinin yerinin müəyyənləşdirilməsi və onun ekstradisiyasının təmin edilməsi üçün də iş aparılır.