BAKI, 16 iyun. TELEQRAF

“Vahid yanaşmaya uyğun geyim məktəb daxilində korporativ idarəetmə mədəniyyətinin formalaşmasına və güclənməsinə xidmət edəcək. Heç şübhəsiz ki, müəllimlərin işgüzar üslubda görünməsi onların özlərinin və məktəbin ictimai nüfuzuna müsbət təsir göstərəcək”.

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O vurğulayıb ki, qanuna edilən əlavə və dəyişiklikdən də göründüyü kimi, burada əsas məqsəd dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim tələblərinə dair vahid yanaşmanın təmin edilməsidir:

"Eyni zamanda, dövlət ümumi təhsil müəssisələrində təhsil mühitinin təşkilati əsaslarının daha da gücləndirilməsi, geyimlə bağlı vahid yanaşmanın hüquqi çərçivəsinin dəqiqləşdirilməsi və məktəbdaxili nizam-intizamın dəstəklənməsidir. Həmçinin həm təhsilalanların, həm də təhsilverənlərin ümumi zahiri görünüşündə təhsil mühitinə uyğun olmayan və diqqəti tədris prosesindən yayındıra biləcək müxtəlif rəmz və atributların, eləcə də qeyri-rəsmi və ictimai etik normalara uyğun hesab edilməyən geyim elementlərinin minimuma endirilməsidir.

Onu da xüsusi vurğulamaq lazımdır ki, dəyişiklik təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi, nizamlı təhsil mühitinin formalaşdırılması, peşəkar davranış mədəniyyətinin gücləndirilməsi və tədris prosesinin keyfiyyətinin artırılması məqsədi daşıyır. Əslində bu barədə müzakirələr cəmiyyətdə xeyli vaxtdır gedirdi. Bu baxımdan sənəd xüsusi əhəmiyyət daşıyır.

Hamımıza məlum olduğu kimi, məktəblərdə vahid geyimin tətbiqi beynəlxalq təcrübədə dünyanın bir çox ölkələrində geniş tətbiq olunur. Dünyanın hər yerində vahid geyim forması təhsil mühitində təşkilati nizamın və peşəkar və işgüzar mühitin formalaşdırılmasının mühüm elementlərindən biri hesab olunur. Məsələn Malaziyada Dövlət məktəblərində çalışan müəllimlər üçün rəsmi geyim kodları mövcuddur. Sinqapur və Koreyada təhsilverənlərin geyim qaydaları olduqca sərtdir. Çin, Yaponiya, Birləşmiş Ərəb Əmirliyi və Qətərdə məktəblərdə müəllimlərdən müəyyən geyim normalarına əməl etmələri tələb olunur".

C.Məmmədov qeyd edib ki, məktəblər təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur:

"Beləliklə vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradacaq. Həmçinin vahid yanaşmaya uyğun geyim məktəb daxilində korporativ idarəetmə mədəniyyətinin formalaşmasına və güclənməsinə xidmət edəcək. Heç şübhəsiz ki, müəllimlərin işgüzar üslubda görünməsi onların özlərinin və məktəbin ictimai nüfuzuna müsbət təsir göstərəcək".

Deputat vurğulayıb ki, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır:

“Heç şübhəsiz ki, sadə və səliqəli işgüzar üslub şagirdlərin diqqətinin dərs prosesindən yayınmasının qarşısını almağa kömək edəcək. Yəqin ki, hər birimiz razılaşarıq ki, geyim müəllimin ünsiyyətinə və dərsin idarə olunmasına maneə olmamalıdır. Bu da danılmaz faktdır ki, geyimdə peşəkarlıq və standartlara uyğunluq müəllimin pedaqoji nüfuzunun qorunmasına xidmət edir. Müəllimin görünüşü isə şagirdlərdə məktəb mühitinə, davranış mədəniyyətinə və peşəkar ünsiyyət normalarına münasibətin formalaşmasına təsir edən amillərdən biridir. Hamımıza məlum olduğu kimi, vahid işgüzar üslub həm şagirdlərin, həm də müəllimlərin təhsil prosesinə daha ciddi yanaşmasını təşviq edir. Bu, məktəbdaxili münasibətlərə və müəllimlərin valideynlər və şagirdlər tərəfindən qəbul edilməsinə müsbət təsir göstərir. Geyimin qiymətinə, dəbə uyğunluğuna, dəyişmə tezliyinə olan əlavə marağı azaldır”.

Ceyhun Məmmədov təhsil mühitində tətbiq olunan qaydaların səmərəli həyata keçirilməsi məktəb və ailə arasında əməkdaşlığının əhəmiyyətinə də toxunub:

“Valideynlərin bu prosesə dəstəyi uşaqların məktəb mühitinə uğurlu adaptasiyasına töhfə verir. Valideynlər məktəbdə formalaşdırılan nizam-intizam, məsuliyyət və davranış mədəniyyəti ilə bağlı yanaşmaların dəstəklənməsi uşaqların şəxsiyyət kimi inkişafında mühüm rol oynayırlar. Bu məsələdə onların da üzərinə ciddi vəzifələr düşür. Heç şübhəsiz ki, birgə əməkdaşlıq və vahid mövqe nümayiş etdirmədən ciddi nəticəyə nail olmaq qeyri-mümkündür. Bu mənada Uşaqların təhsil mühitində tətbiq olunan qaydalara hörmətlə yanaşması ilk növbədə ailədə formalaşan dəyərlər və davranış nümunələri ilə sıx bağlıdır. Məktəb və ailənin eyni istiqamətdə fəaliyyət göstərməsi təlim-tərbiyə prosesinin effektivliyini daha da artıracaq”.

Teleqraf-a danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, vahid geyim formasının tətbiqi zəruridir.

Ekspert bildirib ki, bu qərar şagirdlər arasında sosial bərabərliyin təmin olunmasına, sağlam təhsil mühitinin formalaşdırılmasına və geyimlə bağlı etik davranış qaydalarının tənzimlənməsinə xidmət edir:

“Ümumi təhsilin düzgün təşkili baxımından bu amillərin hamısı vahid geyim formasında öz əksini tapır. Vahid geyim qaydalarına hər bir vətəndaşın riayət etməsi vacibdir. Təhsil haqqında qanunvericiliyin tələbi ondan ibarətdir ki, təhsil müəssisələrində müxtəlif və məktəb mühitinə uyğun olmayan geyim formalarının istifadəsinin qarşısı alınsın. Bəzən ola bilər ki, dini və ya digər mənsubiyyətləri ifadə edən geyimlərə üstünlük verilsin. Lakin məktəblərdə müəyyən edilmiş geyim qaydaları mövcuddur və onlara mütləq əməl olunmalıdır. Qanunvericilik də məhz bunu nəzərdə tutur”, - o qeyd edib.

Elçin Əfəndi əlavə edib ki, dünyanın bir çox ölkələrində, xüsusilə liseylərdə həm şagirdlər, həm də müəllimlər üçün vahid geyim,dress-kod tətbiq olunur:

“Düşünürəm ki, ölkəmizdə də müəllimlər üçün vahid geyim formasının tətbiqi müsbət addım ola bilər. Bu, müəllimin cəmiyyətdə və məktəbdə daha aydın şəkildə fərqləndirilməsinə imkan verər. Hazırda hər müəllim fərqli geyim tərzinə üstünlük verir. Vahid geyim forması isə bu fərqləri aradan qaldıraraq daha nizamlı və peşəkar mühit formalaşdırar”.

Qeyd edək ki , “Ümumi təhsil haqqında” qanuna dəyişikliyə əsasən təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır.

Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.