BAKI, 5 may. TELEQRAF

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı (IELS) müxtəlif ölkələrdə uşaqların erkən öyrənmə nəticələrini və onların rifahını yaxşılaşdırmaq istiqamətindəki səyləri dəstəkləmək məqsədilə hazırlanıb.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev deyib.

O bildirib ki, bu tədqiqat uşaqların erkən öyrənməsinin gələcəkdə müsbət nəticələrini ən yaxşı şəkildə proqnozlaşdıran sahələri əhatə edir:

“Erkən öyrənmə sahələri kimi idrak bacarıqlarını (savadlılıq və riyazi bacarıqlar), icraedici funksiyalar və sosial-emosional bacarıqlar əsas götürülür.

Tədqiqat, eyni zamanda uşaqların fərdi xüsusiyyətləri, ev mühiti və erkən uşaqlıq təhsili, həmçinin qayğı göstərmə təcrübələri ilə bağlı mühüm kontekstual məlumatları da toplayır.

IELS 2025 tədqiqatında Bakı şəhərindən 138 ümumi təhsil və 48 məktəbəqədər təhsil müəssisəsi, Sumqayıt şəhərindən isə 15 ümumtəhsil və 7 məktəbəqədər təhsil müəssisəs daxil olmaqla, ümumillikdə 208 təhsil müəssisəsi iştirak edib”.