BAKI, 6 mart. TELEQRAF

Özəl qurumların təklif etdiyi “Kenquru” sınaq imtahanlarının Təhsil İnstitutu (ARTİ) ilə əlaqəsi yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb.

Bildirilib ki, son vaxtlar bəzi özəl təhsil şirkətlərinin sosial media hesablarında “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinə hazırlıq məqsədilə sınaq imtahanlarının keçirilməsi haqqında elanlara rast gəlinir.

"Təəssüf ki, bir çox valideyn bu sınaq imtahanlarını rəsmi imtahan kimi qəbul edib. “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinin rəsmi tərəfdaşı olan Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) olimpiada ilə bağlı heç bir sınaq imtahanı keçirmir".

Qeyd olunub ki, müsabiqənin əvvəlki illərdə təqdim edilmiş sualları ilə kenquru-2026.az saytında tanış ola bilərsiniz. Heç bir ödəniş etmədən uşaqların ümumi hazırlığını rəsmi saytdakı suallarla yoxlaya bilərsiniz.

Qeyd olunub ki, 2026-cı ildə Azərbaycanda “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsi aprelin 12-də baş tutacaq. Son qeydiyyat tarixi 3 apreldir.

Müsabiqə rəsmi olaraq hər il martın 20-dən sonra keçirilir. Azərbaycanda bu tarixlərin Novruz bayramına təsadüf etməsi səbəbindən müsabiqə aprel ayında təşkil edilir.