BAKI, 24 iyun. TELEQRAF

Şəmkir Kimya-Biologiya Təmayüllü Liseyin biologiya müəllimi Məzimova Samirə bu gün keçirilən sertifikasiya imtahanında maksimum nəticə göstərib.

Teleqraf İnformasiya Agentliyi 60 bal toplamış müəllimənin imtahanla bağlı təəssüratlarını öyrənib.

Samirə müəllimə deyir ki, imtahanın nəticəsi gözlədiyi kimi olub: “Sertifikasiya imtahanından maksimum bal yığmağı gözləyirdim. Sevinirəm ki, nəticəm gözlədiyim kimi oldu”.

Onun sözlərinə görə, imtahan sualları orta məktəb proqramını tam əhatə edib: “Suallar asan, orta və çətin olmaqla üç qəbildən idi. Proqramdan kənaraçıxma yox idi. 10 ildir müəlliməm, eyni zamanda, repititor olduğum üçün imtahana xüsusi hazırlaşmamışdım”.

Qeyd edək ki, bu gün kimya və biologiya fənnləri üzrə ilk sertifikasiya imtahanları keçirilib. İmtahanlara ümumilikdə 6142 nəfər müəllim dəvət olunub.