BAKI, 3 iyun. TELEQRAF
Fənlər üzrə şəhər və rayon təhsil sektorlarının göstəricilərinin təhlilindən aydın olur ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent 12” jurnalında qeyd olunub.
Bildirilib ki, bu siyahıda Cəbrayıl, Ağdaş, Salyan, Qubadlı, Qəbələ, Tovuz, Bərdə, İsmayıllı, Culfa, Ordubad, Şəki, Masallı, Göyçay, Cəlilabad, Saatlı, İmişli, Neftçala, Ağstafa, Gədəbəy, Yevlax, Yardımlı, Zaqatala, Füzuli və Şərur rayonları görmək mümkündür.
"Bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsini göstərmək olar. Məsələn, bu il Bakı şəhəri üzrə məzunların 92,19%-i, Sumqayıt şəhəri üzrə 94,14%-i qəbul imtahanlarında iştirak edib. Yüksək göstəricili rayonlar üzrə (Qubadlı, Ordubad, Cəbrayıl, Şərur, Culfa, Tovuz, Ağdaş və Ağstafa rayonları istisna olmaqla) isə məzunların ən yaxşı halda 69– 84%-i ali təhsil müəssisələrinə sənəd verib.
Azərbaycan bölməsində ana dili və riyaziyyat fənləri üzrə İsmayıllı rayonunun, ədəbiyyat fənni üzrə Gədəbəy rayonunun, fizika fənni üzrə İmişli rayonunun, kimya fənni üzrə Bərdə rayonunun, biologiya fənni üzrə Sumqayıt şəhərinin, tarix fənni üzrə Ağstafa rayonunun, coğrafiya fənni üzrə Saatlı rayonunun, informatika fənni üzrə isə Qəbələ rayonunun abituriyentləri üstünlük əldə edib.
Rus bölməsi abituriyentlərinin böyük əksəriyyətini Bakı, Mingəçevir, Sumqayıt və Gəncə şəhərlərinin məzunları təşkil etdiyindən yüksək göstəricilər də bu şəhərlər arasında paylanıb. Müəyyən bölgələrin ayrı-ayrı fənlər üzrə qəbul imtahanlarındakı yüksək göstəriciləri artıq ənənə halını alıb. Məsələn, Azərbaycan bölməsi üzrə ana dili fənnindən Sumqayıt şəhəri və Qəbələ rayonu, ədəbiyyat fənnindən Mingəçevir şəhəri və Qəbələ rayonu, riyaziyyat fənnindən Sumqayıt şəhəri və İsmayıllı rayonu, fizika fənnindən İmişli rayonu, biologiyadan Sumqayıt şəhəri, Abşeron və Şəki rayonları bütün illərdə ən yüksək göstəricili bölgələr sırasındadır. Şübhəsiz, bu göstəricilər müvafiq şəhər və rayonların təhsil orqanları və müəssisələrinin səmərəli fəaliyyətinin nəticəsidir. Onların iş təcrübəsini respublika miqyasında yaymaq müvafiq elmi-metodik mərkəzlərin və mütəxəssislərin ümdə vəzifələrindən biri olmalıdır. Bundan bütövlükdə respublikanın təhsil sistemi qazanar.