
BAKI, 21 fevral. TELEQRAF
Külək qarı sovurur. Soyuq adamın iliyinə işləyir. Cəlil Məmmədquluzadənin ev muzeyinə tələsirəm. Muzeydə bir dəfə olmuşam, ancaq indi küçələri qarışıq salıram. Axundov bağına çatıram. Buradan hayana gedəcəyimi bilmək üçün mütləq telefona baxmalıyam. Ancaq əllərim donub, telefona lazımi sözləri yazmaqda çətinlik çəkirəm. Pyedestalda oturan görkəmli ədibimizə, filosofumuza baxıram. Baxışlarımız toqquşur və mən o an adresi xatırlayıram. Onun zəhmli baxışları məni Bünyad Sərdarov küçəsinə qədər ötürür. Mirzə Cəlilin evinə aparan yolun Mirzə Fətəlidən keçməsi də təsadüfi deyil.
O olmasaydı, Mirzə Cəlil də olmayacaqdı, Sabir də. Deməli, biz də olmayacaqdıq. Heç nə olmayacaqdı...
Mirzə Cəlilin, rəsmi adı ilə Cəlil Məmmədquluzadənin ev muzeyində isti bir qarşılanma... Ancaq ev bumbuzdur. Gələcəyimizi bildikləri üçün elektrik isidicilərini qoşublar. Çox da fayda etməyib. Yadıma Mirzə Cəlilin elə bu evdə qızınmaq üçün yandırdığı əlyazmalar düşür. Bəzi şeylər heç zaman dəyişmir.
Möcüzə baş vermir, qonaq otağında biz nə Mirzəni görürük, nə Həmidə xanımı, nə Ənvəri, nə Midhəti, nə Münəvvəri, nə Müzəffəri, nə də Minanı...
Ancaq samovar buradadır. Mirzənin ilk əsəri olan “Çay dəstgahı”nın baş qəhrəmanı... Bu əsəri yazanda Cəlilin cəmi 20 yaşı var idi. 2 ildir ki, Qori seminariyasını bitirmişdi. Baş Noreşən kəndində müəllim işləyirdi. Pyesin ilk tamaşasında da məktəbin şagirdləri oynamışdılar. Həmin kənd çox sonralar - 2003-cü ildə Cəlilkənd adlandırılacaqdı. 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Astarxanbazar rayonunun adı dəyişdirilərək, Cəlilabad olacaqdı. Mirzə Cəlil isə olacaqları bilmirdi.
Ürəyinin dərin bir guşəsində böyük yazıçı olduğunun fərqinə varırdı. Bunsuz mümkün deyil. İnsan özü ilə təkbətək qaldığında kim olduğunu hamıdan yaxşı bilir. Ancaq o ömrünü ədəbiyyata yox, jurnalistikaya həsr edəcəkdi. Onun ən görkəmli və irihəcmli yeganə nəsr əsəri heç şübhəsiz ki, "Danabaş kəndinin əhvalatları" idi. Bu ölməz povesti yazanda Mirzə Cəlilin cəmi 25 yaşı vardı. Cəmi 25... Sonra heç bir zaman irihəcmli əsər yazmadı. Yaza bilmədi. Ömrünü xalqın maarifinə həsr elədi. “Molla Nəsrəddin”ə həsr elədi.
Həmidə xanımın xatirələrində oxuyuruq: "Təbrizdə Mirzə Cəlil Məmmədquluzadə, demək olar ki, eyni vaxtda iki təklif aldı: Bakıdan və Tehrandan: “Mayın 2-də (1921-ci il) Cəlil Məmmədquluzadə Bakıdan Azrevkomdan teleqram aldı ki, o, yekdilliklə maarif komissarı seçilib, ailəsiylə birlikdə Bakıya dəvət olunur. Ələvi (yazıçının Təbriz tanışı) gəldi və Mirzə Cəlili dilə tutmağa başladı ki, getməsin, onsuz da orada eləməli iş qalmayıb, burada qalıb daha çox xeyir vermək, xalqı oyatmaq, dirçəltmək olar və s. Sonra dedi ki, Tehrandan xəbər gəlib, Cəlil Məmmədquluzadəyə təklif etmək istəyirlər ki, maarif idarələrinə rəhbərlik eləsin”.
Eyni anda iki dövlətdən maarif naziri təklifini alan başqa yazıçı varmı? Ancaq o hər iki təklifi rədd edəcəkdi. Onun xalq maarifinə dəstəyi qələmlə olacaqdı, kreslo ilə yox...
O, ədəbiyyatı yaradırdı, özü də ən alisini, ən ucasını. Ancaq o dövrdə ölkə əhalisinin cəmi 1 faizi oxuyub-yazmağı bacarırdı. Belə bir ölkədə nə ədəbiyyat? Yazıçı əvvəlcə oxucunu yaratmalı idi. Oxucu olmayan yerdə ədəbiyyat kimə lazımdır ki? Ona görə də jurnal buraxmağa başladı. Jurnalın da əsas hissəsi karikaturalardan ibarət idi. Karikaturanı kim çəkəcəkdi? Oskar Şmerlinq... Alman idi. Rusca pis bilirdi, Mirzə Cəlil isə alman dilini bilmirdi. Ancaq Mirzə onu götürüb, Tiflisin bazarına, küçələrinə aparırdı. Adamları göstərir, əl-qolla başa salırdı. Oskar da küçədə, bazarda gördüyü adamlara oxşadırdı karikaturaları... Bura isə "Molla Nəsrəddin" jurnalının Tiflisdəki redaksiyasıdır.
Elə muzey də daha çox jurnalist Cəlil Məmmədquluzadə haqqındadır, nəinki yazıçı Cəlil Məmmədquluzadə haqqında... O, xalqın maarifi üçün ədəbiyyatı qurban vermişdi. Amma ədəbiyyatımızın ən böyük siması da məhz odur. Dünyanın çox qəribə işləri var.
Dramaturgiyaya keçidi şöhrət naminə deyildi, o da əsas missiyasına xidmət edirdi. Yazdığım kimi, ölkə əhalisinin 99 faizi savadsız idi. Ancaq adam nə qədər savadsız olsa da, tamaşaya baxa bilir. Tamaşaya baxmaq üçün savadlı olmağa ehtiyac yoxdur. Ona görə də Mirzə drama keçdi, “Ölülər”i, “Anamın kitab”ını, “Dəli yığıncağı”nı yazdı.
Bu da yazıçımızın kamançası... Şəkilə baxmamış qəmli bir xatirəni bölüşək: “...Axşam uşaqlardan heç biri evdə yox idi. Mirzə Cəlil çarpayısında dincəlirdi. Mən də yemək otağında tikiş tikirdim. O durdu, əl-üzünü yudu, oğlunun otağına keçdi, oradan kamançanı götürdü, öz yerinə qayıtdı və çalmağa başladı. Elə gözəl çalırdı ki, mən işimi bir kənara qoydum, ona qulaq asmağa başladım. Axırıncı akkordu çox təsirli götürdü, lap ürəyim ağrıdı, gözlərim yaşardı. Çalıb qurtarandan sonra ehmallıca kamançanı aparıb əvvəlki yerinə qoydu. Axırıncı dəfə onda kamança çaldı”. (Həmidə xanımın xatirələrindən)
Mirzə Cəlil ölsə də, “Kamança” heç zaman ölməyəcəkdi. Mirzə Cəlil bu pyesi 1920-ci ildə Şuşada yazmışdı. Sanki, Şuşanın başına gələcəkləri də əvvəlcədən bilmişdi. Çünki “Kamança” erməni-azərbaycan konfliktinə həsr edilmişdi. Sözsüz ki, bu barədə yazılan ən gözəl əsərdir. Qəhrəman yüzbaşının da dediyi kimi... “Haramzada elә çalır ki, keçәn günlәri gәtirir qoyur adamın qabağına”. “Kamança” pyesi kimi... Bu əsər başımıza gələcək fəlakətlərin müjdəçisi idi. Qəhrəman ordumuzun işğaldan azad etdiyi Şuşaya ilk gəlişimdə nədənsə yadıma Üzeyir bəydən çox Mirzə Cəlil düşmüşdü. Onun Qori seminariyasından məzun olan kimi məktəb yoldaşı ilə Şuşaya gəlməsi, Natəvanla tanışlığı, 1920-ci ildə burda "Kamança"nı qələmə alması... Şuşa həm də Mirzəyə görə mənə doğma gəlmişdi, qədim gəlmişdi və şirin gəlmişdi.
Cəlil Məmmədquluzadə indi muzey olan bu evdə düz on il yaşamışdı. 1922-1932-ci illərdə... Elə bu evdə də vəfat etmişdi. 1932-ci ilin ilk günlərində... Sözsüz ki, 1937-ci ildən sağ çıxmayacaqdı. Çünki hələ sağlığında "kiçik burjua yazıçısı" kimi damğalanırdı. Kitablarda adı "Kiçik burjua yazıçıları" fəslində keçirdi. “Molla Nəsrəddin” jurnalını Ömər Faiq Nemanzadə ilə bir qurmuşdular. Ömər Faiq 1937-ci ildə güllələnəcəkdi. Kim sağ qalmışdı ki?
Azərbaycan tarixində ilk dəfə Sabirə heykəl qoyulmuşdu. Mirzə bu evə köçən il... Ancaq... “Yeni Yol” qəzetinin 25 noyabr 1922-ci il nömrəsində Mirzə Cəlilin məqaləsində Sabirin heykəlinin açılışı ilə bağlı oxuyuruq: “Bu yığıncaqda gözə çarpınan bircə əksiklik var idi: o da bu idi ki, Sabirin təbinin atının iti qaçışına gözəl və geniş meydan hazırlayan "Molla Nəsrəddin" orada görsənmirdi, çünki bu açışın (Açılışın-Q.T.) nə vaxt olması xəbərini ona heç bildirməmişdilər”.
Mirzənin bu evdəki günləri heç də xoş keçməmişdi. Yəqin, elə bu masada Məmməd Səid Ordubadiyə bu məktubu yazmışdı:
“Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm. Çoxdan bu fikrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi “Molla Nəsrəddin” jurnalını çıxartmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək, – ki elə bilirəm, ona bəlkə haqqım da ola, – və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq.
Əgər “Molla Nəsrəddin”in nəşri hökumətə lazım olsa, heç sözüm yoxdur, özgə bir imza ilə məcmuənin nəşrinə heç müzaiqəm yoxdur. Hətta, yaza da bilsəm, sətir haqqının sahibi olaram.
Amma bunu yenə deyirəm ki, bundan sonra mənim imzam məcmuədə görünsə, o vədə şikayətçi olsam, gərək heç kəs məndən inciməyə.
İndi də başım ağrıyır, çıxa bilmirəm”.
Bakı, 31 yanvar, 1925.
“Molla Nəsrəddin”in qurucusu jurnalda imzasının getməyini istəmirdi. Ona belə bir vəziyyəti rəva görmüşdülər...
Ancaq səhhəti pis olsa da, başı ağrısa da yazırdı. Bu evdə o, “Yığıncaq” pyesini yazdı, “Dəli yığıncağı”nı yazdı, “Ər” pyesini yazdı... O “Dəli yığıncağı” ki, onun bənzərini hələ heç bir yazıçı meydana gətirə bilməyib. Bu əsər Mirzənin həm ən möhtəşəm həm də ən kədərli əsəridir. Bu dəfə ölülər yox, dəlilər əsərin qəhrəmanıdır, ancaq heç kim dəlilərin sağalmağını istəmir. Fazil İsgəndər isə doğma qardaşının dəli arvadına göz qoyur, qardaşı Molla Abbas isə arvadı dəli olduğu üçün ona və başqa dəlilərə qoşulub. Əsərin ən təsirli yerində oxuyuruq:
Molla Abbas Sonanı qucaqlayır və ətrafa baxıb görəndə ki, heç kim yoxdur, dizi üstə düşüb, başlayır Sonanın əllərindən öpməyə və ona deyir:
-Neçə ildir özümü bu hala salmışam ki, sən dəlilərin içində tək qalmayasan. Yazığım sənə də, özümə də. Çünki dəxi bizim günümüz belə keçəcək və axırda da divarlar dibində can verəcəyik”
Mirzə divarların dibində can vermədi, ancaq 1926-1927-ci ildə yazdığı bu pyesin əsas qəhrəmanı olan Molla Abbasdan çox fərqlənmirdi. Köhnə hökumət ona elə də xoş yanaşmamışdı, jurnalı dəfələrlə bağlanmışdı, Ömər Faiq həbs edilmişdi. Minbir məhrumiyyət yaşamışdı, ancaq yenə də bütün bunlara baxmayaraq, “Molla Nəsrəddin”i çap etdirmişdi. Yeni hökumət isə ona etimad bəsləmirdi. Yuxarıdakı məktubda da qeyd olunduğu kimi, Molla Nəsrəddinin artıq yeni baş redaktoru vardı və Mirzə Cəlil orda imzasının getməsinə razı olmamışdı.
Bu şəkil ölümündən bir il qabaq çəkilmişdi. Və sarsıntılı, əzablı və faciəvi ömrün hər bir anı sanki onun simasında əks olunmuşdu.
Həmidə xanımdan daha bir xatirə: “1923-cü ildə “Molla Nəsrəddin” gecəsi keçirilirdi. Hamımız orada idik, lojada, ikinci yarusda oturmuşduq. Mirzə Cəlil həyəcanlı idi, nə isə düzəlmirdi, tənəffüslərdə musiqi çalınmırdı. Gecəni təşkil edənlər haradasa kefdə idilər və musiqi də onlar üçün çalırmış. İkinci hissədən sonra pərdələr qalxmadı, camaat təəccüb qalmışdı. Sən demə, artistlər oynamaqdan imtina ediblər, çünki gecənin təşkilatçıları onlara ikinci hissədən sonra pul vermək boyun olublarmış və vədlərinə xilaf çıxıblar... Əməlli-başlı biabırçılıq idi. Mirzə Cəlil hiddətlənmişdi, hamımıza dedi ki, elə bu saatca çıxaq gedək evə. Biz çıxıb getdik. Mirzə Cəlil yolda mənə dedi: “Bundan sonra heç vədə yubileyimin keçirilməsinə razılıq vermərəm”.
Onun ailə həyatı da sarsıntılı alınmışdı. İlk həyat yoldaşı, qızı Münəvvərin anası Həlimə elə Münəvvər anadan olan ili 1897-ci ildə vəfat etmişdi. Onların evliliyi cəmi 2 il çəkmişdi. Həlimədən isə heç bir şəkil qalmamışdı. Bu isə Münəvvərdir. Yanındakı isə babası Məşədi Məmmədqulu... Cəlil Məmmədquluzadənin atası...
Həmidə xanımın xatirələrindən bu yer o ağrılı günlər haqqında idi:
“Qızım Münəvvərin bir yaşı olardı, hələ Naxçıvanda yaşayırdım. O gün bərk ağladı, mən çox ciddi bir işlə məşğul idim. Körpənin anası isə xəstə idi, yerdə yatırdı, uşağa baxan yox idi. Mən işimi buraxıb, uşağı götürdüm, dayəlik eləməyə başladım. Neyləsəm də, ağlamaqdan çatlayan çağanı kiridə bilmirdim. Axırda o qədər bezdim və əsəbləşdim ki, uşağı canımı qurtarmaq üçün həyətdəki quyuya tullamağa getdim. Yolda ya fikrimi dəyişdim, ya da kimsə getməyə qoymadı, orası yadımda deyil”.
Göründüyü kimi, onun əsəbləri hələ o zamandan qaydasında deyildi. Mirzə Cəlil ikinci dəfə 1900-cü ildə Nazlı xanımla evləndi. Nazlı xanım əsəb xəstəliyindən əziyyət çəkirdi, evləndiklərindən 4 il sonra Tiflisdə ruhi xəstəxanada vəfat elədi. Mirzə Cəlil hər gün onun məzarına gül qoyurdu. İllərlə bu ritualı davam etdirmişdi.
Və Həmidə xanım... Bu evlilik Mirzənin üçüncü Həmidə xanımın isə ikinci evliliyi idi. Mirzənin bir qızı vardı, Həmidə xanımın isə bir oğlu bir qızı. Nikahlarından iki övlad doğuldu, Ənvər və Mithət.
Deməli, bu evdə beş uşaq yaşayırdı: Mirzənin qızı Münəvvər, Həmidə xanımın qızı Mina, oğlu Müzəffər, ikisinin birgə övladları Ənvər və Mithət...
Münəvvərin ilk nikahı Tiflisdə İran zabiti İdris xanla oldu, Mirzə Cəlil bu nikaha razı deyildi. Qızının toyuna gəlmədi. Bir müddət sonra boşandılar. Sonra Həmidə xanımın oğlu Müzəffərlə evləndi. Bu nikah da uğursuz oldu. Müzəffər isə yenidən evləndi, uşağına bacısı Minanın adını qoydu.
Mina isə Mirzə Cəlilin sağlığında intihar etdi.
Midhət isə Mirzə Cəlilin ölümündən bir neçə ay sonra, 24 yaşında vəfat etdi.
Mirzənin kiçik oğlu Ənvər Böyük Vətən müharibəsində sovet qoşunlarının tərkibində İrana getdi. Bir daha vətənə qayıtmadı. Bu fotolarda isə onlar qayğısız uşaqlığın sahillərində avar çəkirlər.
Beləcə, Mirzə Cəlilin nəslindən Azərbaycan torpaqlarında heç kim qalmadı. Bu torpağın üzərində soyadı Məmmədquluzadə olan bir adam da qalmadı... Qalmadı...
Ancaq Azərbaycan ideyasını yaradan da o idi.
“Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki: – Mənim anam kimdir? Öz-özümə də cavab verirəm ki: – Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi. – Dilim nə dildi? – Azərbaycan dili! – Yəni Vətənim haradır? – Azərbaycan vilayətidir. Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir. – Haradır Azərbaycan? – Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutun qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun”. ("Azərbaycan" məqaləsindən)
O teatrı olmayan ölkədə pyes yazan Mirzə Fətəlinin yolunu getmişdi. Əhalisi yazıb-oxumaq bilməyən bir xalq üçün on illərlə jurnal buraxmışdı. Gah çar hökuməti ilə üzbəüz dayanmışdı, gah mollalarla, gah tacirlərlə... Min bir iztirab çəkmişdi, ancaq öz amalından vaz keçməmişdi. Nəsri bir kənara qoyub jurnalistikaya keçmişdi, teatra keçmişdi. Sözü o kəslərə demişdi ki, ona qulaq verməmişdilər. Tiflisə muzdlu qatil göndərmişdilər, təsadüf nəticəsində sağ qalmışdı. Üstündə tapança gəzdirirdi.
Mirzə Cəlil olmasaydı, Mirzə Fətəli olmasaydı, Sabir olmasaydı, Üzeyir bəy olmasaydı bu gün Azərbaycan məzhəb savaşlarında qan tökən Yaxın Şərq ölkələrindən biri idi. Ölkədə hələ də nadanlıq, cəhalət hökmranlıq edirdi.
Nə olsun ki, Mirzə Cəlilin nəslindən bir nişanə qalmayıb. Bütün Azərbaycan yazıçıları, bütün Azərbaycan ziyalıları Mirzə Cəlilin varisidir, onun övladlarıdır. Bu sözü nə Şekspir haqda demək olar, nə də Viktor Hüqo. Mirzənin böyüklüyü də burdadır. O, bir jurnalla və əlbəttə ki, əsərləri ilə titrək bir şam kimi yanan maarif odunu böyütmüşdü, onu tonqala, alova çevirmişdi. Bu atəşi minlərin, on minlərin qəlbində qalamışdı. Hər dəfə bir teatrımızda Kefli İsgəndərin monoloquna qulaq asanda hıçqırıq səsləri eşidiriksə, hələ də bir nadanlıq, cəhalət, heyvərəlik, zırramalıq görəndə Mirzənin yazılarını anırıqsa, hər gün Mirzə Cəlilə rəhmət oxuyuruqsa, demək, Mirzənin ruhu diridir. Onun ruhu bizi nadanlığın, cəhalətin soyuğundan qoruyur. Azərbaycanın hər uğurunda onun payı vardır.
Qayıdanda yenə yolumu Mirzə Fətəlinin bağından salıram. Qılınc təki kəsən şaxta onu üşütmür. Yenidən göz-gözə gəlirik. İndi baxışları yumşalıb, daha həlimdir, daha mərhəmətlidir. Ürəyimdə adresə görə ona təşəkkür edirəm. Mirzələrin yoluyla gedirəm, İran səfirliyinin yanından keçib İstiqlaliyyət küçəsinə çıxıram.
İçim Mirzə Cəlillə, Mirzə Fətəli ilə doludur.
Foto: Elnur Muxtar