
TBİLİSİ, 22 fevral. TELEQRAF
“Mirzə Cəlil və Tiflis” deyəndə məkan olaraq ağlımıza Tbilisinin Besiki küçəsi 21 ünvanında yerləşən fəaliyyətsiz olsa belə yazıçının ev muzeyi gəlir. İllərdir fəaliyyətsiz olan mədəniyyət ocağının hazırkı vəziyyəti barədə sonda söz açacağıq.
Öncə oxucuları Cəlil Məmmədquluzadənin Tbilisidə vaxtilə olduğu digər məkanlarla yaxından tanış etmək istəyirik. Həmin məkanların adları dramaturqun və onun ömür-gün yoldaşı Həmidə xanım Cavanşirin xatirələrində çəkilib.
Teleqraf-ın yerli bürosu dramaturqun doğum günü olan 22 fevralda onun Tiflisdə olarkən qonaq olduğu, yaşadığı və “Molla Nəsrəddin” jurnalının adını tapdığı məkanların keçmişi və bu günü barədə diqqətçəkən məlumatları təqdim edir.
“Poçt qutusu”nun üzə çıxarıldığı Tiflis restoranı
C.Məmmədquluzadə tərcümeyi-halında Tiflisdəki “Annona” yeməkxanasının adını qeyd edib. O yazır ki, 1903-cü ildə xəstə övrətini Tiflisə gətirdiyi vaxt “Şərqi-rus” qəzetinin sahibi Məhəmməd ağa Şahtaxtlıya rast gəlir.
“Məhəmməd ağa məni apardı “Anunna” yeməkxanasına. Orada məni qonaq elədi və məndən soruşdu ki, yazıdan-pozudan nəyin var? Mən cibimdən Novruzəlinin poçt qutusuna kağız salmaq hekayəsini çıxartdım, verdim Məhəmməd ağaya. Ədibi-möhtərəmimiz hekayəni oxuya-oxuya elə şiddətlə güldü ki, qonşular bizə tərəf təəccüblə baxmağa başladılar. Buradan Məhəmməd ağa məni zorla apardı düşdüyüm “Qafqaz” mehmanxanasına və zorla mənim yatacağımı və şeylərimi qoydu faytona, məni apardı evinə ki, gərək qalam onun qəzeti üçün hekayə yazan olum. Mən qaldım...”
Mirzə Cəlil qaldı və özünün qeyd etdiyi kimi Məhəmməd ağa Şahtaxtlı onu qəzet dünyasına daxil etdi. Deməli, “Annona” restoranındakı görüş dramaturqun Tiflisdə qalıb mətbuat sahəsində fəaliyyətə başlamasına güclü təkan verib.
“Annona” XIX əsrin əvvəllərində Tiflisin ən məşhur yeməkxanalarından biri olub. 1900-cü ilin əvvəlində açılan məkan kasıblar üçün xeyriyyə yeməkxanası funksiyasını daşıyırdı və sahibi Y.T.Bondarenko idi. Daha sonra şəhərin Avropa və Asiya mətbəx nümunələrinin, canlı ifa və klassik musiqinin təqdim edildiyi birinci dərəcəli restorana çevrilib. Restoranın şöhrəti Gürcüstanın hüdudlarını da aşıb.
“Annona” Tiflisin keçmiş Qolovin, hazırkı mərkəzi Rustaveli prospektində yerləşib. Restoran Tiflis İncəsənət Cəmiyyətinin binasının aşağı mərtəbəsində fəaliyyət göstərib. Bu bina hazırda Gürcüstanın Şota Rustaveli adına Milli Teatrına məxsusdur. “Annona” 1919-cu ildən “Kimerioni” kafesinə çevrilib. Yeni ədəbi-bədii kafe 1922-ci ilədək fəaliyyətdə olub. Kafenin vaxtilə olduğu məkanda hazırda teatrın qarderobu yerləşir.
Bəs Mirzə Cəlilin qeyd etdiyi “Qafqaz” mehmanxanası barədə nə məlumdur? Birinci dərəcəli hotel “Annona” kafesinə yaxın ərazidə, o vaxtkı İrəvan, indiki Azadlıq meydanında, Mirzoyevin evində yerləşib. 1858-ci ildə açılan Tiflisin ən yaxşı mehmanxanasının sahibləri İ.Korçilava və N.Sixarulidze olub. Hotelin binası artıq mövcud deyil, onun yerində indi müasir mehmanxanalardan biri yerləşir.
Qeyd edək ki, “Annona” restoranı və “Qafqaz” hoteli haqqında elanlara həmin illərdə Tiflisdə nəşr olunan “Qafqaz” qəzetinin ilk səhifələrində rast gəlinir.
Mirzə Cəlil bu küçədə də yaşayıb, evində pansion saxlayıb
Növbəti məkan Tiflisin keçmiş Krasnoqorsk küçəsidir. Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Cavanşirin xatirələrindən məlum olur ki, ədib Tiflisdə bu küçədə də yaşayıb və evində pansion saxlayıb. Ədibin özü həmin evi xatiratında belə təsvir edib:
“Təzə köçdüyümüz ev ikimərtəbəli böyük bir bina idi. Alt mərtəbədə geniş otaqlarda mətbəəni yerləşdirdik. Üst mərtəbədə mən özümə mənzil qərar verdim. Eyni zamanda da üst mərtəbədə bir müxtəsər Leyli məktəbi əmələ gətirmişdik. Burada on beş-iyirmi şagirdə kimi cəm edib, bunları məktəblərə daxil olmağa hazırlayırdıq. Haman məktəbin də, necə ki, “Qeyrət” mətbəəsinin də, həmçinin rəsmi müdiri hökumət tərəfindən təkcə mən özüm idim”.
Keçmiş Krasnoqorsk küçəsi hazırda Gürcüstanın Əməkdar artisti, müğənni Qogi Dolidzenin adını daşıyır. Tbilisinin Çuqureti rayonunda yerləşən bu küçədə Mirzə Cəlilin təsvirinə uyğun gələn bir neçə binaya rast gəlinir. Xatirələrdə evin nömrəsi qeyd edilməyib deyə, C.Məmmədquluzadənin özünə ev etdiyi həmin binanı müəyyən etmək qeyri-mümkündür. Binanın günümüzə qədər gəlib çatıb-çatmadığı da məlum deyil. Əgər çatıbsa, onun küçədəki üç köhnə ikimərtəbəli binadan biri olduğunu ehtimal etmək olar.
“Molla Nəsrəddin” jurnalının adının kəşf olunduğu küçə
Digər məkan Tbilisinin mərkəzi İlya Çavçavadze prospektidir. Keçmişdə Tsxneti küçəsi adlandırılmış bu məkanın C.Məmmədquluzadənin təsisçisi və baş redaktoru olduğu “Molla Nəsrəddin” satirik jurnalı ilə bağlılığı var. Belə ki, ədib nəşrin adını məhz bu küçədə gəzərkən tapıb.
Həmidə xanım Cavanşir xatirələrində Mirzə Cəlilin bu tapıntısının tarixçəsi barədə belə yazıb:
“Mirzə Cəlil mənə danışmışdı ki, satirik bir jurnal nəşr etməyin vacibliyi haqqında çoxdan düşünürmüş, ancaq xəyal etdiyi bu jurnala heç cür uyğun ad tapmır və daim bu fikri götür-qoy edirmiş. Bir dəfə Tsxneti küçəsində gəzəndə birdən-birə ağlına “Molla Nəsrəddin” gəlir. Mirzə Cəlil bu kəşfinə çox sevinir və fikirləşir ki, jurnal üçün bundan yaxşı ad tapa bilməz”.
Qeyd edək ki, Tsxneti adını bu küçə 1867-ci ildən 1957-ci ilədək daşıyıb. 1957-ci ildə İ.Çavçavadzenin (1837-1907) anadan olmasının 120 illiyi və vəfatının 50 illiyi ilə əlaqədar prospektə görkəmli gürcü yazıçı və ictimai xadimin adı verilib.
Yazıçının ev-muzeyinin bərpası nə yerdədir?
Sonda söz verdiyimiz kimi, Mirzə Cəlilin Tbilisidəki ev muzeyinin hazırkı vəziyyətinə də nəzər salaq. Qeyd edək ki, 1997-ci ilin oktyabrında yaradılmış mədəniyyət ocağı yerləşdiyi bina qəzalı olduğundan uzun illərdir fəaliyyət göstərmir. Binanın 200-dən çox yaşı var, tikiliyə 2007-ci ildə mədəni irs abidəsi statusu verilib.
Ötən il Azərbaycan tərəfinin dəstəyi, Tbilisi meriyasının iştirakı ilə tikilinin özül və əsas divarlarının bərkidilməsi işləri həyata keçirilib. Muzeyə aid iki otaqda da divarbərkitmə işləri görülüb. Növbəti mərhələdə binanın fasadının bərpası, otaqlarda muzeyə uyğun interyerin yaradılması nəzərdə tutulub. Bu işlərin həyata keçiriləcəyi dəqiq vaxt məlum olmasa da, məsələ diqqət mərkəzində saxlanılır. Azərbaycanın Gürcüstandakı səfirliyindən Teleqraf-ın yerli bürosuna bildirilib ki, növbəti mərhələ ilə bağlı Gürcüstanın Mədəniyyət Nazirliyi və binanın yerləşdiyi Mtatsminda rayonunun rəhbərliyi ilə danışıqlar davam etdirilir və bu yaxınlarda birgə görüşün keçirilməsi planlaşdırılır.
Bina mədəni irs abidəsi statusuna malik olduğundan Gürcüstan qanunvericiliyinə görə onun fasadına hər hansı bir müdaxilə və yaxud dəyişiklik edilə bilməz. Bərkitmə işləri çərçivəsində tikilinin ön fasadındakı deformasiyalı hissə bərpa olunub və yeni navalça quraşdırılıb. Fasad ilkin görkəmində bərpa olunacaq. Bərpa işlərindən sonra binanın fasadındakı C.Məmmədquluzadənin barelyefi də yenilənməlidir. Belə ki, üzərindəki Azərbaycan dilində məlumat kiril əlifbası ilədir və ədibin vəfat ili 1932 əvəzinə 1931 göstərilib.
2026-cı ildə C.Məmmədquluzadənin anadan olmasının 160 illiyi qeyd ediləcək. Ümid edirik ki, yazıçının Tbilisidəki ev muzeyi bu yubiley tarixinə qədər bərpa olunaraq istifadəyə veriləcək. Mədəniyyət ocağının “həyata qaytarılması” Mirzə Cəlilin xatirəsinə böyük ehtiramla yanaşı, Gürcüstanda Azərbaycanın mədəni irsinin qorunub saxlanılması istiqamətində atılacaq ən böyük addımlardan biri ola bilər.