
BAKI, 14 aprel. TELEQRAF
Bu gün ADA Universitetində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə görüş keçirilib.
Teleqraf xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsi, ADA Universiteti və Mədəniyyət Televiziyasının təşkilatçılığı ilə “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində gerçəkləşib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Dövlət Komitəsinin ədəbiyyat gecəsi təşəbbüsünü yüksək qiymətləndirib. O, Azərbaycanın ən məşhur yazıçılarından biri olan Xalq yazıçısı Anarla tələbələrin görüşünü nadir və dəyərli bir fürsət kimi dəyərləndirib. Prorektor bu görüşün tələbələr üçün yazıçının həyat və yaradıcılığı ilə yaxından tanış olmaq, eləcə də onunla birbaşa ünsiyyət qurmaq baxımından unikal imkan yaratdığını vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında "Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində keçirilən bu cür görüşlərin uşaqların dünyagörüşünün formalaşmasına, onların milli-mədəni irsimizə bağlılığının gücləndirilməsinə xidmət etdiyini deyib. Bildirilib ki, gənc nəslin söz sənətinin ustadları ilə birbaşa ünsiyyəti onların yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm rol oynayır.
Yazıçı Anar müxtəlif dövrlərdə qələmə aldığı əsərlər, onların mövzuları, qəhrəmanların daxili aləminin formalaşdırılması və ümumilikdə yaradıcılıq prosesinin incəlikləri barədə iştirakçılarla fikirlərini bölüşüb.
Tədbirdə iştirak edən tələbələr yazıçıya 50-dən çox müxtəlif sual ünvanlayıblar. Suallardan birini cavablayarkən Anar 30 ildir ki, "Olan oldu, keçən keçdi" adlı kitabını yazdığını deyib.
"Mən o kitabı yazmağa başlayanda 3 nəvəm vardı. İndi isə 4 nəvəm, 3 nəticəm var. Kitabımı onlara həsr edirəm. Düşünürəm ki, yayda kitabı tamamlayacam. Böyük bir kitab olacaq", - deyə yazıçı vurğulayıb.