BAKI, 13 fevral. TELEQRAF

Səməd Vurğunun ev muzeyinə neçənci gəlişimdir, bilmirəm. Ancaq hər dəfə XIX əsrdə tikilən bu binanın pilləkənlərini çıxanda həyəcanlanıram. Elə bil mən qapını döyəcəm, qapını da paltosunu çiyninə atmış, əlində tüstülənən “Kazbek”lə Səməd Vurğun açacaq. Məni içəri dəvət edəcək, içəridə Vaqifi, Yusifi, Aybənizi görəcəyəm.

Bu fikirlərlə Üzeyir bəy Hacıbəyli küçəsi ilə şairin evinə tərəf gedirəm. Vaqif Səmədoğlu mənə bir əhvalat danışmışdı. Səməd Vurğun övladlarını Üzeyir bəyin yanına qonaq aparıb, uşaqlara tapşırıb ki, Üzeyir bəyin əlini öpün. Bizdə böyüklərin əlini öpmək adəti türklər qədər geniş yayılmayıb, ancaq görünür bu adət bizə elə də yad bir adət deyilmiş.

Qayıdaq, Üzeyir bəy Hacıbəyli küçəsinə. Bu fikirlərlə getdiyim yerdə mənə bir nəfər yaxınlaşır:

-Səməd Vurğun küçəsi hardadır?

Əlimlə ona küçəni göstərirəm. O da təşəkkür edib gedir. O Səməd Vurğun küçəsinə gedir, mən Səməd Vurğunun evinə...

Azərbaycanda o qədər Səməd Vurğun küçəsi var ki... Hər şəhərdə, hər yerdə... Dərbənddə də Səməd Vurğun küçəsi görmüşəm. Vaqif Səmədoğlunun 1982-ci ildə yazdığı bir şeirdəki kimi...

Bir kimsəsiz ömür yaşayıram ki,

bu ömürdə

anam da yoxdur

Bircə bulud kölgəsi də düşməyib

durduğum bu torpağın üstünə

Bu ömürdə

Yaşadığım

evin qapısını döyməyib

nə qardaş, nə bacı,

nə sevdiyim bir qadın əli.

Bu evin qapısına

gələn küçələrin birinə də

verilməyib atamın adı.

Ancaq, onun əsl mənzili ürəklərdir, könüllərdir. Azərbaycanda elə bir adam tapmaq olmaz ki, Səməd Vurğundan bir misra da olsa şeir bilməsin, onu tanımasın. Onun sevgisi əsl xalq sevgisi idi və bu sevgi dünyanın heç bir məmləkətində, heç bir şairə, heç bir faniyə nəsib olmamışdı. Nə Şekspirə, nə Markesə, nə də Basyöyə...

Budur, artıq muzeydəyəm. Daha doğrusu, Səməd Vurğunun evində. Şairin iş otağında. Küncə qoyulan qədim, ağır yazı masası... Yadıma Vaqif Səmədoğlunun dedikləri düşür: “Dostlarımla yığışırdıq bizə. Uca səslə mahnıya qulaq asırdıq. Atamın otağı ilə qonşu otaqda. O da otaqda işləyirdi. Ancaq bir dəfə də qapımızı açıb bizə acıqlanmırdı”.

Səməd Vurğunun iş kabineti Bakı səhərinin sükutuna bürünüb. İndi nə Səməd Vurğun var, nə Vaqif, nə də hay-küylü dostlar... Söz qalır ancaq. Çünki şairin də dediyi kimi, “deyilən söz yadigardır”.

Səməd Vurğun 1954-cü ildə bu altı otaqlı geniş mənzilə köçüb. Və bu evdə cəmi 2 il yaşayıb. Sanki bu evi ona ölmək üçün veriblər. Bax, elə bu mənzildə, bu yataq otağında dünyasını dəyişib. Xəstə olduğu üçün 50 illik yubileyinə gedə bilməyib, bu evdə, bu radioda qulaq asıb yubileyə. Haqqında deyilən o sözlərə. Gözəl, təntənəli bəlağətli sözlərə. Halbuki, ömrü boyu alqışlardan çox qarğışlar görmüşdü, təhdidlər eşitmişdi. Qorxu və hürkü altında yaşamışdı. Səfehlərin göylərə çıxartdığı Mir Cəfər Bakı şəhər kommunist təşkilatının açıq iclasında Səməd Vurğunu ayağa qaldırıb eynən belə demişdi: “Tezliklə, kommunizim əlifbasından başlamalısan. Yoxsa, məhv ediləcəksən”. Bu sözlər efirə verilmişdi, qəzetlərə çap edilmişdi. Bu sözün dəhşəti ilə yaşamaq asan idimi? Tək özü öldürülsəydi nə vardı... Üç körpə uşaq, Xavər xanım... Soyuq Qazaxıstan çölləri...

Səməd Vurğun bir şeirində belə yazırdı:

Çarxını vurduqca dövranın əli,

Bəzən ağlar olur, bəzən gülməli.

İnsanın ən böyk eşqi, əməli

Bəzən aslan kimi çırpınır dağda

Bəzən də qərq olur fırtınalarda.

Bəli, onun taleyinə bu ömür düşmüşdü. Bu kabinetin pəncərəsindən baxanda dövrün, zamanın ağrılarını, dünyanın gərdişini düşünmüşdü. 1953-cü ilin sonlarında Mir Cəfər vəzifədən uzaqlaşdırılmışdı, Kuybışev Neft İstehsalat Birliyinin sədrinə müavin təyin edilmişdi. 1954-cü ilin martında həbs edilən Bağırov 1956-cı ildə güllələnəcəkdi. Səməd Vurğun bu evə köçəndə Mir Cəfər artıq yox idi, daha doğrusu daha hakimi-mütləq deyildi, Kuybışevdə sədrin qəbul otağında əlindəki sənədləri imzalatdırmaq üçün növbə gözləyən aciz bir müavin idi. Səməd Vurğun qonaq otağında dostları ilə söhbət edərkən heç şübhəsiz ki, bunları yaşamışdı, bunları görmüşdü. Çox sevdiyi Vaqifin də dediyi kimi... “Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!”

Xruşşov amansızlıqla Stalinin bütün kadrlarını təmizləyirdi. Bu təmizləmə hərəkatına Mir Cəfərin dayağı Beriyanın fiziki məhvi ilə başlanmışdı. Bağırov Kremldə Beriya əleyhinə danışmağa məcbur edildi. Bağrov çox gözəl başa düşürdü ki, növbədə özüdür. Bunu başa düşmək üçün böyük ağıla ehtiyac yox idi.

Səməd Vurğun bu radiodan çox xəbərlər eşitmişdi. Bu masanın üstündə çox qəzetlər oxumuşdu. Və bu xəbərlər hamısı xoş xəbərlər idi. Çünki SSRİ öz bağırsaqlarını təmizləyirdi. XX qurultay yaxınlaşırdı.

XX qurultay Sovet İttifaqı Kommunist partiyasının ən görkəmli qurultayı idi. Bu qurultay stalinizmi marksizm-leninizmə zidd ideya sapıntısı kimi damğalayır, onu şəxsiyyətə pərəstiş adlandırırdı. Xruşşovun məruzəsi o qədər sərt alınmışdı ki, məruzəni dövri mətbuatda ixtisarla çap etməyə məcbur oldular. Ancaq xüsusi seçilmiş partiya üzvlərinə tanış olmaq üçün göndərilmişdi. Səməd Vurğun da 1956-cı ilin fevral günlərinə heç şübhəsiz ki, elə bu yazı masasında Xruşşovun şəxsiyyətə pərəstiş məruzəsini diqqətlə oxumuşdu. Bu çıxış onun bütün taleyini məhv edən bir dövrün ifşası idi. Özü də bu ifşa birbaşa Kremldən, SSRİ-nin birinci şəxsindən gəlmişdi.

Ancaq gec idi... Çox gec... Çünki Səməd Vurğun ağır xəstə idi. Ömrünə cəmi bir neçə ay qalırdı. Bu foto Səməd Vurğunun son fotosudur. Vyetnama gedərkən xəstələnir, bir neçə gün Pekində xəstəxanada yatır və geriyə qayıdır. Bu şəkil də onu tanıyan bir rus mühəndis tərəfindən Xilok qatar stansiyasında çəkilib. Tarix 1956-cı ilin 30 yanvarı... İki həftə sonra XX qurultay başlayacaq. Şəklə baxın. Xəstəlik onun bədəninə necə hakim kəsilib.

Azərbaycan şeirində Səməd Vurğun Azərbaycana müraciətlə belə yazırdı:

Düşdün uğursuz dillərə,

Nəhs aylara, nəhs illərə.

Bu sözlər təkcə Vətənə aid deyildi, həm də Səməd Vurğunun ömrünə aid idi. Azərbaycan ədəbiyyatının ən titanik istedadlarından biri, bəlkə də birincisi tarixin ən pis dövrünə gəlib düşmüşdü. “Bundan pis dövrlər olmuşdu, ancaq bundan əclaf dövr olmamışdı”.

Qayıdaq son aylara... Səməd Vurğun ömrünün son aylarını bu gözəl mənzildə keçirtmişdi. Daha dəqiqi öz yataq otağında. Martda 50 yaşı olacaqdı. Şəkillərdə isə 70-80 yaşında görünür. Elə bu il Xalq şairi adını aldı. O ilk Xalq şairi idi. Həm xalq, həm də xalqın şairi. Görəsən, bütün bunlar ölüm yatağında olan şair üçün nəyisə ifadə edirdimi?

Budur, bu da şairin partiya biletinin sürəti...

Maraqlı faktdır, şair partiyaya ancaq 1940-cı ildə daxil olmuşdu. 34 yaşında. 1941 və 1942-ci ildə SSRİ-nin yüksək mükafatı olan Stalin mükafatını da ancaq partiya üzvü olandan sonra əldə etmişdi. 1937-ci ilin qanlı-qadalı günlərində o partiya üzvü deyildi. Partiya üzvünün repressiya edilməsi isə o qədər asan deyildi. Səməd Vurğun kimi şöhrətli bir insanın partiya üzvü olmasına nə mane olurdu?

Əlbəttə ki, nəsil şəcərəsi... Muzeydə də nümayiş edilən şəcərəyə bir baxaq.

Gözümüzə Mustafa bəy Vəkilov dəyir. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri... Türkiyədə mühacirətdə öldü. Rəhim bəy Vəkilov... Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ən gənc deputatı. Parlamentarizm ənənələrinə uyğun olaraq ilk iclasına katibliyi eləmiş gənc deputat... İki dəfə həbs edildi, axırda da Tiflisdə intihar etdi. Mədinə xanım Vəkilova (Qiyasbəyli)... Azərbaycanın ilk ali təhsilli qadın müəllimlərindən biri, tərcüməçi... Səməd Vurğun “Yevgeni Onegin”i tərcümə edərkən ən çox onunla məsləhətləşərdi. 1938-ci ildə güllələndi. Səməd Vurğun belə bir nəslin nümayəndəsi idi. Məhz buna görə də partiyaya çox gec daxil ola bildi. Səməd Vurğun Azərbaycan SSR-nin himninin müəllifi idi. Ancaq bu da 1944-cü ildə, partiyaya üzv olduqdan 4 il sonra baş vermişdi.

Əlini Mir Cəfərə tutub onda nicat axtaranlar hardan bilsin bu şeyləri...

Və bu da o qədimi saat. Onun əqrəblərini Səməd Vurğunun həyat yoldaşı Xavər xanım uzaq 1956-cı ilin 19.30-unda dayandırıb.

29 may 1956-cı il... Kommunist qəzeti. Manşetdə Səməd Vurğunun ölüm xəbəridir. Qəzetin ikinci səhifəsində isə SSRİ Baş Prokurorluğundan başlığı ilə bir xəbər çıxıb. Xəbərdə Mir Cəfər Bağırov haqqında verilən ölüm hökmünün icra olunduğu yazılır.

Səməd Vurğunun ölümündən sonra onun yatağını yığışdırırlar. Yatağın gizlin bir yerindən parçaya bükülmüş ülgüc çıxır. Ülgücün yataqda nə işi var? Amma ailə üzvləri bu dəhşətli sirri bilirdi. Səməd Vurğun illərlə həbs ediləcəyi günü gözləmişdi. Yatağının altına qoyduğu ülgüc də intihar üçün idi. Bir gecə vaxtı Xalq Daxili İşlər Komissarlığının əməkdaşları qapını döyəndə o ülgücü götürüb özünə qəsd edəcəkdi. Bu yolla ailəsi xilas olunacaqdı. Eynən filosof Heydər Hüseynovun elədiyi kimi...

Bu boyda da dərd olardımı?!

Bəli, o çox ağır günlər yaşamışdı. Başında daim tufanlar əsmişdi. Partiyaya da, Stalinə aid şeirlər də yazmışdı. Ancaq bir tərəfdən də ölməz əsərlər yaratmışdı. “Azərbaycan” şeirini yazmışdı, “Ceyran” şeirini yazmışdı. Ömrü yetmədi. Öz parlaq istedadını gerçəkləşdirmək üçün cəmi bir neçə il də yaşasaydı nisbi azadlıq, nəfəs genliyi dövründə çox daha görkəmli şeirlər yaza bilərdi. Özü də bunun fərqində idi. “Tənha məzar” şeirində belə yazırdı:

Evə gəldim can pərişan,

Keçən ömrü soraqladım.

Bu fikirlə xeyli zaman

Kitablari varaqladım.

Ağıllı söz, yaxşı şeir,

Yazmışammı, varsa, hanı?

Gördüm qoca doğru deyir,

Uçdu könlüm xanimanı…

Amma o təvazökarlıq edirdi. Çünki o nəinki gözəl şeirlər, poemalar, pyeslər yazmışdı. Çətin zamanlarda yazmışdı, asudəlik dövrünə ömrü çatmışdı. Cəlladı ilə eyni vaxtda ölmüşdü, o titanik istedadını, vulkan kimi püskürən yaradıcılıq enerjisini dövrün buxovlarından, maneə və bəndlərindən keçirtməyi bacarmışdı. Çünki parlaq istedada xəyanət etmək mümkün deyildir. O istedad su kimi axıb çüxurunu tapacaqdı. Tapdı da... O istedadın seli Azərbaycan ədəbiyyatını, onun Səməd Vurğun zirvəsini yaratdı.

Hər nə qədər uğursuz aylara, uğursuz illərə düşsə də, başında tufanlar qopsa da, ölkənin birinci şəxsi tərəfindən ictimaiyyət qarşısında ölümlə hədələnsə də, o öz istedadını gerçəkləşdirməyi bacarmışdı.

İngilisin Şekspiri, Almaniyanın Hötesi, Fransanın Hüqosu var. Ancaq onların heç birinin ən parlaq şeirinin adı Almaniya, İngiltərə ya da Fransa deyil. Ancaq Səməd Vurğun istisnadır. O şeirdə Azərbaycan ideyasını yaratmışdı, öz şeiri ilə Azərbaycanın ilk bədii obrazını yaratmışdı. Cümhuriyyət Azərbaycanın siyasi təsdiqi idisə, “Azərbaycan” şeiri də Azərbaycanın poetik təsdiqi idi. Onun taleyi vətənin taleyi idi. Və Azərbaycanın bütün ağrılarını, bütün məşəqqət və əziyyətlərini o öz ruhunda yaşamışdı. Səməd Vurğun elə Azərbaycan demək idi. Azərbaycan da Səməd Vurğun...

Səməd Vurğun xərçəngdən dünyasını dəyişmişdi. Xərçəngi yaradan səbəblərdən biri də xroniki stress, qorxu idi. Bu da bir növ repressiya idi, sakit, hay-küysüz, təcridi repressiya... Yataqdakı ülgüclə yatmaq çoxmu asandır?!

Muzeyin pilləkənlərindən düşərkən dönüb arxaya, qapıya baxıram. Sanki Səməd Vurğunu son dəfə görmək üçün. Qapı əlbəttə ki, bağlıdır. Dilimdə isə Səməd Vurğunun misrası...

Alovların arasından

Yollar açdım eşqinizə...

Səməd Vurğun adı, Səməd Vurğun yaradıcılığı ən çətin vəziyyətdə belə ləyaqəti itirməməyin, ədəbiyyatın namusunu uca saxlamağın adıdır, ünvanıdır... Və nə qədər ki, Azərbaycan, Azərbaycan dili olacaq Səməd Vurğun da şirin bir xatirə kimi dünyada yaşayacaqdır.