TBİLİSİ, 31 may. TELEQRAF

Gürcüstan şairləri bu ilin iyul ayında Şuşada keçiriləcək Vaqif Poeziya Günlərinə dəvət olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, dəvəti mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Gürcüstan Yazıçılar Evində keçirilmiş görüşdə səsləndirib.

Yazıçılar Evinin direktoru Ketevan Dumbadzenin də iştirak etdiyi görüşdə azərbaycanlı və gürcü müəlliflər arasında ədəbi əlaqələrin dərinləşdirilməsi imkanları müzakirə olunub.

K.Dumbadze Gürcüstan və Azərbaycanın müəllif və oxucularını birləşdirəcək layihələrin, həmçinin hər iki ölkənin bölgələrinə tanışlıq ekskursiyalarının təşkilinin əhəmiyyətini vurğulayıb.

Görüşdə ikidilli kitabların nəşri, tərcümə layihələri və iki ölkənin yazıçıları arasında ədəbi əlaqələrin inkişafı ilə bağlı gələcək əməkdaşlıq planları, müasir gürcü pyeslərin Azərbaycanda, Azərbaycan əsərlərinin isə Gürcüstanda səhnələşdirilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.